Bəzi rayonlara internetin verilməsi dayandırılır? - AÇIQLAMA

16 Dekabr 2020 15:00 (UTC+04:00)

Son günlər sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb. Belə ki, həmin məlumatlarda Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə rayonların siyahısı da əlavə olunmaqla paylaşılıb.

AzNews.az xəbər verir ki, məsələ münasibət bildirən nazirliyin sözçüsü Günel Gözəlova yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər”, - deyə G. Gözəlova əlavə edib.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürülüb.

Səidə

AzNews.az