Şuşada “İncə bellim”i ifa edən döyüşçümüz:“Sevdiyim qıza deyin ki...”

21 Dekabr 2020 09:00 (UTC+04:00)

Şuşada pianoda “İncə bellim” mahnısını eşidəndə, qara əlcəkli əllərin pianonun dilləri üzərindəki gəzişməni görəndə hamı kimi ağlıma gələn əsgərin, ifaçının kimliyi oldu. Bu özfəaliyyət deyildi. Əllərin hərəkətindən, ifa tərzindən musiqi təhsili olması bəlliydi. Çox qısa zaman ərzində sosial şəbəkələrdə trendə çevrilən bu videonun sahibinin, əsgərimizin axtarışına çıxdım. Videonu paylaşan xanımın köməyi ilə qəhrəmanımızı tapdıq və telefonla söhbətləşdik

Beləliklə, Kulis.az Asəf Zeynallı adına musiqi kollecinin 3-cü kurs tələbəsi, təhsilini yarımçıq qoyub könüllü döyüşə yollanan və hal-hazırda Şuşada xidmətini davam etdirən əsgərimiz Muradov Əzizbəy Etibar oğlu ilə müsahibəni təqdim edir.

- Əzizbəy, özün haqqında bir az məlumat verərdin...

- Sabirabad rayonundanam. Uşaqlıqdan musiqiyə həvəsim olub. 6-cı sinifdə Sabirabad rayonunda qarmona getmişəm. Sonra sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim, balım çatmadı, hərbi xidmətə getdim. Xidmətimi Naxçıvanda yerinə yetirmişəm. Gələndən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. İndi üçüncü kursdayam. Qarmon ixtisası üzrə təhsil alıram. Baxşəli müəllimdən, Alim Qasımovdan dərs almışam.

- Təhsilini yarlmçıq qoyub, könüllü cəbhəyə getmisən. Gedərkən evdə heç kimə heç nə deməmisən.

- Atam birinci Qrabağ müharibəsinin qazisidir. Gözümü açıb, onu görmüşəm evdə. Atam Füzulidə yaralanıb gəlmişdi. Müharibəyə getməyim barədə evdə heç kimə deməmişdim. Könüllü gedib qeydiyyadan keçdim. Sentyabrın 27-də müharibə başlayan kimi mənə çağrış gəldi. 28-i səhər saat 6-da evdən çxdım, gəldim Ağcəbədi rayonuna.

- Musiqiçi və dinc dövrün adamı kimi birdən-birə müharibənin içərisinə düşmək necə hissdir?

- Çox adrenalin, həyəcanvericidir. Həm də qürur yaradır adamda. Buralar qədər gəlib çıxmaq da hər adama qismət olmur. İçimdə həm həyəcan, həm qorxu vardı. Yəni, hər hissdən bir az... Amma daha çox vətənin müdafiəsinə gəldiyim üçün fəxr hissi keçirirəm.

- Orda səndən başqa muisiqiçi var?

- Burda musiqi alətlərində ifa edə bilən uşaqlar var, amma sırf musiqi təhsilli təkcə mənəm.

- İndi orda əhval-ruhiyyə necədi?

- İndi Şuşanın kəndlərindən birindəyik. Əhvalımız superdir. Gözəldir hər şey. Amma tərxis olunsaq lap sevinərik. Hamımız evdən ötrü darıxırıq. Deyirlər, bizi buraxacaqlar. Biz də gözləyirik.

- Sizin pianoda ifa etdiyiniz “İncə bellim” mahnısı sosial şəbəkələrdə böyük maraq yaratdı

- Doğrudan?

- Bəli.

- Heç ağlıma da gəlməzdi.

- Müharibənin düz ortasında piano görəndə nə hiss keçirdin?

- Kənddəki evləri tez-tez girib gəzirik. Bir kənddə üç-dörd evdən bir musiqi aləti var. Qarşıma tez-tez sındırılıb atılmış musiqi alətləri, akardion-zad çıxır. Onda çox pis oluram. Sındırılmamış, salamat qalan alət görəndə sevinirəm. Elə bil köhnə dostumu, qohumumu görürəm. Aləti özümlə götürüb aparmaq istəyirəm (gülür).

- İlk dəfə hansı mahnını ifa etdin?

- İlk dəfə Qubadlı rayonunda qarmon tapdım. Onda uşaqlardan birinin ad günü idi. Hər şey təsadüfən oldu. Uşaqlar xahiş etdilər ki, “Qarabağ şikəstəsi” çalım. Mən də çaldım. Amma özümün xəbərim yox idi videoya çəkilməyindən. Sonra gəldik bura - Şuşaya. Uşaqlar pianinonu tapdılar. Onlar da bilirlər ki, mən musiqi həvəskarıyam. Ona görə məni çağırdılar, dedilər, gəl, mahnı çal.

- İfaya, əllərinə baxan kimi insanın ağlına ilk bu fikir gəlir: bu musiqini çalan barmaqlar, həm də atəş açmağa məcburdu...

- Düşmən öldürmüşəm, təbii ki. Bir yaralı əsgər də tutmuşdum, təhvil verdim. Qələbə qurban tələb edir. Qurban düşmənlərimiz olsun...

- Musiqi ifa edəndə qəhərləndiyin anlar olur?

- Olur, olur... Musiqinin gözəlliyi də elə burdadır.

- Ən çox kimləri xatırlayırsan?

- Elə məqamlarda adam ən çox istədiklərini, sevdiklərini yadına salır.

- Sevdiyin qız var?

- Var (gülür).

- Yəqin, “İncə bellim” mahnısını ifa edəndə onu xatırlamısan?

- Hə, elədir (gülür).

- Bəlkə müsahibəni də oxudu. Nə demək istərdin ona?

- Deyin ki, kədərlənməsin, özünə yaxşı baxsın.

- Səni gözləsin?

- Gözləsin, gözləsin...

- Qayıtmaqla bağlı nə arzuların var?

- Əsas odur ki, Qarabağı, işğalda olan torpaqlarımızı azad etdik. Əsas arzumuza, istəyimizə çatmışıq. Ərazi bütövlüyümüzü bərpa etmişik. Bayrağımızı torpaqlarımıza sancmışıq. Qalibik. Əsas olan budur. Qayıdanda təhsilimi davam etdirəcəm.

- Qələbəmizə hansı mahnıları yaraşdırırsan?

- Vallah, ən gözəl mahnılar elə qələbəyə aid mahnılardı. Döyüşən igidlərə aid mahnılar...

- Çox sağ ol Əzizbəy. Sağ salamat qayıdın.

- Siz də sağ olun. Təşəkkür edirəm. Bir xahiş edə bilərik sizdən?

- Əlbəttə, buyurun

- Mənim yanımda bir dostum var, Ağazadə Valid, o, burdan qızı Səmaya salam deyir. Yazını oxuyan olsa, çatdırsın.

- Salam göndərən sağ olsun. Mütləq yazarıq. Allah amanında.

- Allah amanında.