Koronavirusun hamilə qadınlara təsiri

23 Dekabr 2020 13:30 (UTC+04:00)

"Hamiləlik zamanı bütün orqan və sistemlər daha gərgin rejimdə çalışır. Əgər ana olmaq istəyən xanımda hər hansı bir xroniki xəstəlik və ya özünün də bilmədiyi gizli bir xəstəlik varsa, bu dövrdə həmin xəstəliyin kəskinləşməsi mümkündür".

Bu sözləri AzNews.az-a açıqlamasında endokrinoloq Xuraman Rəcəbova deyib.

O bildirib ki, virus infeksiyaları hamiləlik zamanı xüsusilə təhlükəlidir: "Bu səbəbdən ana olmaq arzusunda olan xanımlar hamiləlik dövründə özlərini respirator infeksiyalardan qorumalı, xüsusilə də, Covid-19 infeksiyasına qarşı daha diqqətli olmalıdırlar. Pandemiya dövründə karantin rejiminin qaydalarına əməl etməlidirlər:

1. Tibbi maska istifadə olunmalıdır;

2. Tez -tez əlləri yumaq;

3. İnsanların az olduğu yerlərdə gün ərzində ən az 1 saat təmiz havada gəzmək;

4. Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməmək;

5. İctimai yerlərdə olanda,hər hansı bir əşyaya, səthə toxunduqdan sonra mütləq əlləri spirtləmək və ya başqa dezinfektantlardan istifadə etmək;

6. Əllərlə ağıza, buruna, gözlərə toxunmaq istədikdə, öncə əllər dezinfeksiya olunmalıdır ki, virus selikli qişaya düşməsin;

7. Sosial məsafə qorunmalıdır, mütləq;

8. Yuxu rejimi olmalıdır. Ən az 7-8 saat yuxu yatmaq lazımdır. Normal yuxu immun sistemi gücləndirir;

9. Müalicə həkiminin məsləhətlərinə əməl edilməlidir;

10. Panikaya düşmək, qorxmaq lazım deyil, sadəcə tələb olunan qaydalara əməl etmək lazımdır.

Bele olduğ halda yoluxma təhlükəsi minimuma enir. Həkim konavirusun əlamətlərinin hamilələrdə də digər insanlardakı kimi olduğunu bildirib: "Əsas simptomlar: yüksək hərarət(temperatur), halsızlıq, quru öskürək; Digər simptomlar: baş ağrısı, boğazda ağrı, burun tutulması, qoxu və dadbilmə qabiliyyətinin itirilməsi, oynaqlarda, əzələlərdə ağrı, dərinin rənginin dəyişməsi, əllərdə, ayaqlarda səpgilər, diareya və s.

Hamiləlik dövründə xanımlarda yoluxma zamanı bu simptomların hamısı deyil, bəziləri müşahidə olunur, çox vaxt yüngül keçir. Həkim tövsiyyələri və nəzarəti altında evdə müalicələrini ala bilirlər. Amma bu o demək deyil ki, bütün hamilələr evdə müalicə olunmalıdır. Əgər zamanla təngnəfəslik olarsa, tənəffüs çatışmazlığı yaranarsa, sinədə ağırlıq hissi olarsa, mütləq təcili yardım çağırılmalı hamilə stasionara yerləşdirilməlidir. Doğuşa qədər xəstəxana şəraitində ciddi həkim nəzarətində olmalıdır".

Həkim koronavirusun hamiləliyə təsirlərindən də danışıb.

O bildirib ki, hamiləlik zamanı istənilən virusa, eləcə də Covid-19-a yoluxma hamiləliyin gedişatını ağırlaşdıra, vaxtından əvvəl doğuşa, səbəb ola bilər: "Hətta ən ağır formalarda ana ölümünə belə səbəb ola bilər. İstənilən virus infeksiyası kimi, koronavirus da körpənin bətndaxili inkişafına təsir edir. Sadəcə burada bir məqam var, istənilən virusun, xüsusilə də koronavirusun körpəyə necə təsir edəcəyi xanımın virusa hamiləliyin hansı dövründə yoluxmasından asılıdır. Əgər ana hamiləliyin 1ci trimestrinde yoluxubsa, bu ruşeymin formalaşmasına öz neqativ təsirlərini göstərə bilər və hətta düşüklərə səbəb ola bilər. Əgər yoluxma plasenta formalaşdıqdan sonra olubsa, o zaman körpə üçün virusun mənfi təsirlərinin qarşısı alınmış olur, çünki plasenta ana bətnində körpəni hər cür mikroorqanizmlərə qarşı qoruyur. Əgər anada virus infeksiyasının ağırlaşması baş veribsə,(daha çox hallarda pnevmoniya) belə olduqda istənilən halda körpənin inkişafına pis təsir edir. Anada yaranan nəfəs darlığı(tənəffüs çatışmazlığı) nəticəsində qanda oksigen azalır və körpəyə oksigen az ötürüldüyü üçün o da hipoksiya keçirir. Əlbəttə bu cür vəziyyət onun inkişafına öz mənfi təsirlərini göstərir".

"Ana olmaq istəyən və hazırda hamilə olan xanımlara məsləhətim odur ki, hamiləliyin normal keçməsi və sağlam uşaq dünyaya gətirmək üçün pandemiya dövründə özlərini mütləq qorusun, karantin qaydalarına əməl etsinlər", - deyə həkim əlavə edib.

Səidə

AzNews.az