"Qayıdım hamını bir yerə yığacam" - Şəhidlə "Olmayan Bir Müsahibə..."dən

24 Dekabr 2020 09:30 (UTC+04:00)

Yazıçısı Nərminə Məmmədzadə İkinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə..." adlı silsilə materiallar təqdim etməkdə davam edir. Növbəti material Şəbiyev Məhəmmədə həsr olunub... AzNews.az Trend Life-a istinadən həmin müsahibəni təqdim edir:

- Salam Məhəmməd.

- Salam.

- Sənə Məhəmməd əvəzinə Zaur desəm olar?

- Əlbəttə, hamı elə deyir. Atam adımı Zaur qoymaq istəyirdi, amma sonradan doğum haqqında şəhadətnamədə Məhəmməd yazdılar. Buna baxmayaraq, hamı mənə Zaur deyir (gülümsəyir).

- Sən həmişə hərbçi olmaq istəyirdin?

- Bəli, atam kimi. Atam birinci Qarabağ müharibəsinin zabitidir. Atam mayor rütbəsilə ehtiyata çıxdı, amma mən ondan yüksək olmaq istəyirdim (gülür).

- Zaur, ürəyindən nə keçir?

- Bilirsiniz nə istərdim? Mən müharibədən qayıdım, bütün qohumlar yığılsın, oturaq, gülək, danışaq. Çox sevirəm camaatı bir yerə yığmağı. İstərdim mənə polkovnik rütbəsi verilsin, atam mənimlə fəxr etsin.

- Atan səninlə onsuz da fəxr edir.

- Bilirəm, şəhidlik rütbəm istədiyim rütbədən də yüksək oldu...

- Zaurun sevgilisi varmı?

- Özü də necə! Birinci sirrimi nənəmə dedim (gülür). Dedim, ay nənə, vurulmuşam! Sonra da nışanım oldu, hətta tortumuzun üstündə paqonlar var idi. Mart ayında toy etmək fikrində idim. Çox istəyirdim toyum olsun, amma qismət olmadı. Nə deyim, nişanlımın qırmızı örpəyi yanımda, yerın altında məni isti saxlayır... Həmişə ona deyirdim ki, yaxşı ki varsan, yaxşı ki ,sən mənim sevgilimsən.

Mən susdum, Zaur da fikirə getdi... Arzusu qaldı yerdə, Zaurun özü isə artıq göylərdə. Görəsən, arzuları yarımçıq qalan insanlar o dünyada öz arzularını paylaşırlarmı? Görəsən onlar bizi eşidirmi? Məncə eşidirlər, çünki mən Zaurun kövrəlməyini öz göz yaşlarımda gördüm.

- Zaur, nə fikirə getdin?

- Köhnə həyatımı xatırladım. Əslində, mən çox gözəl həyat yaşadım. Yaxınlarımı ulduzların sayı qədər sevirdim. Sevgi insanı yaşadır. Bəlkə də məni çox yaşatmadı, amma mən bu dünyadan sevib və sevilib getdim, demək ki, mən bu dunyanın ən xoşbəxt insanı idim. Hər kəsin öz sonu. Mənim sonum Qarabağda oldu. Bilirsiniz, şəhidlik hər adama nəsib olmur, yüksək bir zirvədir.

- Bilirəm...

- Zaur evdəkilərə, sevgilinə indi zəng etsəydin, nə deyərdin?

- Elə dediklərimi, amma “sevirəm” sözünü bəlkə də bir necə dəfə təkrarlayardım, çünki o bütün sözlərdən üstündur. Arxamca ağlamasınlar, mən ölməmişəm, sadəcə oktyabrın dördündə Suqovuşana əbədi qovuşmuşam...