İlham Əliyev və yeni quruculuq mərhələsi - Yusif Bağırzadə yazır

24 Dekabr 2020 18:24 (UTC+04:00)

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkələrindən biridir. Müstəqillik qazanmasından heç 30 il keçməməsinə baxmayaraq Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Həyata keçirilən müdrik və uzaqgörən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafında keçid dövrü başa çatmaq üzrədir. Paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarında böyük quruculuq və abadlıq işləri gedir. Azərbaycan inkişafın bütün sahələrində böyük intibah dövrünə qədəm qoymuşdur. Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər prezident İlham Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Heç şübhəsiz ki, bu strategiyanın gerçəkliyə çevrilməsində böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir.

Keçən dövr göstərdi ki, 2003-cü il seçkilərindən keçən zaman kəsiyi ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də dünya liderləri arasında sayılıb-seçilən, dövlət xadimi kimi böyük nüfuz qazandı. Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura qovuşur.

İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir

Prezident seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 17 ilə nəzər saldıqda bir daha əmin oluruq ki, o, həqiqətən də hər birimizin prezidenti olmaq üçün mümkün olan hər şeyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yurdumuzun bütün vətəndaşlarının, bütün bölgələrinin, bütün regionlarının prezidenti olmağı bacardı. Prezidentin qaynar fəaliyyəti sübut edir ki, ölkənin hər bir vətəndaşı, hər bir bölgəsi, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir, doğmadır. İlham Əliyevə olan ümumxalq sevgisinin sirri də məhz bundadır. Məhz buna görə ölkə başçısı Azərbaycanın hər yerində eyni dərəcədə böyük hörmət və ehtiramla sevilir.

Prezident İlham Əliyev ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti öz bəhrəsini verdi. Cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarı olaraq ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyəti nəticəsində Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə nail oldu. Məhz bu amil ölkə daxilində qarşıdurma əhval-ruhiyyəsinin tamamilə aradan qaldırılması və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdı. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmış oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gündən-günə genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırdı. Bu gün xalqımız tamamilə əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır.

İqtisadi inkişafımızın əsasında İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət dayanır.

Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir.

Ölkəmizdə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.

Ümumiyyətlə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib.

İlham Əliyev idarəçilində sosial dövlət prinsipi

Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.

Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Lider dövlətin Lider Prezidenti

Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amill qismində çıxış edir.

Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar. Cənab İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdir.

Prezidentimizin rəhbərliyi ilə ölkəmizin daxilində və beynəlxalq miqyasda qazandığı uğurlar nəinki təkcə xalqımız tərəfindən , eyni zamanda nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Ali Baş Komandanımız dünyada nüfuzlu, uzaqgörən lider kimi tanınır. Milli və bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə ən böyük dividend qazandıran amil qlobal güclərin maraqlarını ölkəsinə yönəltməyi bacarmasıdır.

İlham Əliyev Müzəffər Ordunun Müzəffər Sərkərdəsi

İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində həyata keçirdikləri təcavüzkar, məkirli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın işğaldan azad olunmasına nail oldu.

Ali Baş Komandan kimi illərdir ki, Azərbaycan Ordusunu düşməni son nəfəsinə qədər məhv etməyə qadir olan, Müzəffər bir ordu kimi formalaşdırmağı bacardı. Bunun nəticəsində Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla işğal tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya - Azərbaycan - Ermənistan bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.

44 günlük haqlı savaşımız döyüş meydanında müzəffər ordumuzun əldə etdiyi uğurlara görə diplomatiya meydanında da uğurlara çevrildi. Məhz buna görə də danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən etdi, Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu dəyişməyi bacardı. Ali Baş Komandanımız öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin öhdəsindən layiqincə gəlməyi bacardı və bütün dünyaya güclü, qüdrətli lider olduğunu bir daha sübut etdi. Bundan sonra ölkəmizin məhz cənab İlham Əliyevin rəhbərliyi altında olması, inkişaf etməsi dövlətini həqiqi məhəbbətlə sevən bütün Azərbaycan xalqının istəyidir. Çünki xalqımızın öz Prezidentinə inamı, güvəni sonsuzdur.

Bu gün Ali Baş Komandan, Sərkərdə, islahatçı Lider, bir sözlə BÖYÜK DÖVLƏT ADAMI İlham Əliyevin doğum günüdür. Bu gün münasibətilə Prezidentimizi təbrik edir, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə yorulmadan həyata keçirdiyi fəaliyyətdə uğurlar arzulayır, cansağlığı diləyirəm. Allah Sizi qorusun. Əmin olun ki, bu gün Azərbaycan xalqı Sizin arxanızda bir yumruq kimi birləşib.

Böyük Dövlət Adamı, ad günün mübarək!

Yusif Bağırzadə, politoloq.