“Taktikamızda gözlənilməz addımlar çox idi”

24 Dekabr 2020 19:48 (UTC+04:00)

“Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək:

“Ancaq bu gün də artıq xarici mətbuata sızılan məlumatlar da onu göstərir ki, bu müharibə hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi.

Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik. Düşmənə elə sarsıdıcı zərbələr endirmişik ki, bu günə qədər özünə gələ bilmir”.