Azərbaycanda yeni medal təsis edildi

26 Dekabr 2020 16:22 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliyi təsdiqləyib.

AzNews.az xəbər verir ki, dəyişikliklə, "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub.

Maddə1. Medalın ümumi təsviri

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1920-2020” rəqəmləri yazılmışdır. “1920-2020” rəqəmlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng təsvir olunmuşdur.

2.3. Medalın daxili çevrəsinin mərkəzində loqotip şəklində “ADNSU” sözü, aşağı hissəsinə “100” rəqəmləri həkk edilmişdir. “ADNSU” sözü ilə “100” rəqəmləri arasında “Azİİ 1920” sözləri yazılmışdır. “ADNSU” sözünün yuxarı sol hissəsinə karbohidratların ənənəvi kimyəvi formulunun vizual təsviri həkk edilmişdir.

2.4. Çevrənin konturları, bütün yazılar və rəqəmlər, “ADNSU” loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd qırmızı rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində “ADNSU 100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi yazılmışdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində tünd qırmızı, 9 mm enində boz, 1,5 mm enində ağ, 3,5 mm enində tünd qırmızı və mərkəzdə eni 3 mm enində olan boz rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Xara lentin yuxarı hissəsinə mərkəzində loqotip şəklində relyefli “ADNSU” sözü, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.