Karantin rejiminin pozulmasına görə cərimələr artırıldı

26 Dekabr 2020 16:38 (UTC+04:00)

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qərarı təsdiqləyib.

AzNews.az xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.

Dəyişikliyə əsasən:

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimələnəcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə olunacaqlar.

Sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə olunacaq.