Sevinc Osmanqızı BBC-nin təklifindən imtina etdi - Səbəb

8 İyun 2013 19:22 (UTC+04:00)
ANS-in Vaşinqton bürosunun rəhbəri, tanınmış telejurnalist Sevinc Osmanqızı BBC-nin Azərbaycan xidmətinin rəhbəri vəzifəsindən imtina etməsi və ANS-də qalmasını şəxsi qərarı ilə izah edib.

"Mən BBC radiosunda işləmişəm və oradakı həmkarlarımın peşəkarlığına şübhə etmirəm. Lakin öz ölkəni, onun mətbuat orqanını təmsil etməyin verdiyi mənəvi zövq ölçüyəgəlməz dərəcədə böyükdür".

Sevinc Osmanqızının BBC-dəki vəzifədən imtina etməsi xəbəri BBC radiosunun Avropa bölümünün rəhbəri Jan Lederin bəyanatında məlum olub. Məlumatda deyilir ki, mart ayında Sevinc Osmanqızı BBC Azərbaycan redaksiyasının rəhbəri vəzifəsi təyin olunub və onun yaxın vaxtlarda BBC-də işə başlayacağı gözlənilirdi, lakin sonra tanınmış xanım jurnalist qərarını dəyişərək, bu vəzifəni qəbul etməkdən imtina edib.

Sevinc Osmanqızı iyunun 1-dən BBC-nin Azərbaycan xidmətinin baş redaktoru Deyan Radoyeviçi bu vəzifədə əvəz etməli idi.

Xatırladaq ki, S. Osmanqızı 1994-2000-ci illərdə Londonda BBC radiosunun Azərbaycan redaksiyasında jurnalist-produser çalışıb. O, 2007-ci ildən bəri Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-də işləyir. S.Osmanqızı Azərbaycanın şəhid jurnalisti, 1991-ci il noyabrın 20-i Qarakənd yaxınlığında Mİ-8 vertolyotunun göyərtəsində həlak olan Osman Mirzəyevin qızıdır.//anspress//

AzNews.az