Koronavirus xəstəsi karantin postunda saxlanıldı

28 Dekabr 2020 10:00 (UTC+04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzNews.az-a verilən məlumata görə, Biləsuvar rayonunun İsmətli kənd sakini Ə.Həbiyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o Biləsuvar şəhərinin giriş hissələrində qurulmuş stasionar postlardan birində müvafiq yoxlama zamanı aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.