Qələbəmiz üçün təşəkkür edirik!

28 Dekabr 2020 18:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbə xalqımızın zəfər tarixində ən parlaq səhifədir. 44 gün davam edən Vətən Müharibəsində tarixi ədalət bərpa edildi və işğal altındakı torpaqlarımız azad olundu. Müasir tariximizin şanlı səhifələrini yazan əsgər və zabitlərimiz Azərbaycanın üçrəngli bayrağını Qarabağda dalğalandırdı. Xalqımız möhtəşəm qələbəmizi sonsuz sevinc, qürur və şərəf hissi ilə yaşadı. Vətən Müharibəsindəki qələbəmizə həsr olunan Zəfər paradı xalqımızın qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin gücünü və hərbi potensialımızı dünyaya bir daha nümayiş etdirdi.

Xalqımızın illərlə gözlədiyi günlər gəlib çatdı və biz işğaldan azad olunmuş torpaqlarımıza geri qayıdırıq.

Böyük Qayıdışla Qarabağımız yeni quruculuq və inkişaf mərhələsinə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, insanların doğma yurdlarına qovuşması, bu torpaqlara sosial fəaliyyətin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, turizmin, mədəniyyətin, incəsənətin, qədim adət-ənənlərimizin və bir sözlə həyatın qayıtması deməkdir. Azərbaycan xalqının tarixini özündə yaşadan bu diyar tezliklə yeni nəfəslə dirçələcək. Bu ərazilərdə məscidlərdən azan sədaları ucalacaq, bərpa edilmiş muzeylər, tarix-mədəniyyət abidələri yerli və xarici turistləri qarşılayacaq, sənayə müəssisələri işləyəcək, yeni iş yerləri açılacaq, sosial obyektlər xidmət göstərəcək. Təhsil ocaqlarında zəng, musiqi mərkəzlərində muğam səslənəcək, bayram şənlikləri keçiriləcək və bir sözlə, əzəli torpaqlarımızda həyat qaynayacaq.

Əzəli torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ən müasir silahlarla təchiz olunmuş Ordumuz yüksək peşəkarlıq səviyyəsi və mükəmməl hazırlanmış hərbi əməliyyatları ilə dövlətimizin hərbi gücünü təcəssüm etdirdi. Silahlı Qüvvələrin inkişafı, hərbi texnikanın modernləşdirilməsi, ölkənin hərbi qüdrətinin artması dövlətin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Azərbaycanın geniş imkanlara malik dövlət büdcəsi var və onun əsas hissəsi vergilərdən formalaşır. Ödənilən vergilər hərbi gücümüz, silah-sursatlarımız, hərbi potensialımız, Vətənimizin ərazi bütövlüyü naminə əzmlə mübarizə aparan hərbçilərimizin, əsgərlərimizin, ordumuzun rifahı və sosial təminatıdır. Tarixi zəfərin əldə olunması üçün ordumuzun yazdığı igidlik salnaməsi hər bir vətəndaş üçün Vətənə sevginin ən yaxşı nümunəsidir. Bu şərəfli zəfərin bir hissəsi olmaq həm də dövlət büdcəsi qarşısında öhdəlikləri yerinə yetirməkdir. Şəffaf fəaliyyəti ilə seçilən və vergiləri vaxtında ödəyən vergi ödəyicisi Vətənimizin tərəqqisinə təkan vermiş olur.

Bu məqsədlə büdcə qarşısında öhdəliyini vaxtında, tam yerinə yetirən və böyük qələbəmizdə payı olan vergi ödəyicilərinə təşəkkür etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən videoçarx hazırlanıb. “Vətən sənə çox sağ ol deyir!” şüarının rəhbər tutulduğu videoçarx Azərbaycan əsgərinin döyüş ruhunu, zəfər təntənəsini tərənnüm edir. Videoçarxda möhtəşəm zəfərin səbəbkarları, vergiləri ödəməyin Vətənimizə faydası və vergi ödəyicilərinin arxa cəbhədəki fəaliyyətinin nəticəsi qürurla təsvir edilir. Videomaterial vasitəsi ilə Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təşəkkür edir və Vətənimizin tərəqqisi naminə məsuliyyətli davranış üçün minnətdarlıq ifadə edir.