Diaspor təmsilçiləri ölkə rəhbərliyinə təşəkkür etdi

28 Dekabr 2020 22:54 (UTC+04:00)

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir qrup soydaşımız və Azərbaycana dost ölkələrin diaspor nümayəndələri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a bildirilib ki, diasporun Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycanın beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə mükafatlandırılan yüzlərlə insan ölkə rəhbərliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq məktubu ünvanlayıb.

Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberq, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov, Vladivostokda “Dostluq” Azərbaycan cəmiyyətinin sədri Ramiz Zeynalov, Moskva Azərbaycan Cəmiyyətinin sədri Şamil Tağıyev, AKDC sədri Orxan Həsənoğlu, eləcə də yüzlərlə digər diaspor təmsilçisi təltifə və həyata keçirilən diaspor siyasətinə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Soydaşlarımız bundan sonra da Azərbaycanın dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda fədakarlıqla çalışacaqlarını qeyd ediblər.

Komitədən bildirilib ki, diaspor siyasətində töhfəsi olan heç kim kənarda qalmayacaq.