Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib

29 Dekabr 2020 21:09 (UTC+04:00)

“Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrultmuş Azərbaycan Respublikası “COVID-19” pandemiyası ilə mübarizə üzrə aparılan beynəlxalq səylərə öz töhfəsini əsirgəməyib. Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib, həmçinin ISESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib”.

AzNews.az xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat buraxılışında məlumat verilib. Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırması da təsadüfi deyil.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin 4 may tarixində keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi BMT-nin 150-dən artıq üzv dövləti tərəfindən dəstəklənib və 3-4 dekabr tarixlərində bu mövzuda xüsusi sessiyanın yüksək səviyyəli seqmenti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi sessiyanın çağırılmasının təşəbbüskarı kimi tədbirin açılış hissəsində Qoşulmama Hərəkatının sədri qismində, eləcə də ümumi müzakirələri zamanı milli qisimdə çıxış edib. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış edib və çıxış edənlər tərəfindən sessiyanın keçirilməsinin təşəbbüskarı olduğuna görə Azərbaycana təşəkkür ifadə edilib”.