“Putin çoxdan başqa qadınla evlidir“

9 İyun 2013 09:09 (UTC+04:00)


Rusiya ictimaiyyəti hələ də Vladimir Putinlə Lyudmila Putinanın sensasiyalı boşanmasını müzakirə edir. Rusiya prezidenti ilə heç də yaxşı münasibətdə olmayan ölkənin tanınmış telejurnalisti Kseniya Sobçak da öz fikirlərini səsləndirib. O, hesab edir ki, Vladimir Putinin əsl ehtirası Rusiyadır.

ANS PRESS-in məlumatına görə, Kseniya Sobçak "Dojd" telekanalına müsahibəsində, Vladimir Putinin əsl sevgisinin Rusiya olduğunu bildirib: "Mənə elə gəlir ki, prezident artıq çoxdan başqa qadınla evlidir. Ona dəlicəsinə vurulub və onların sevgiləri qarşılıqlıdır. Bu qadının adı Rusiyadır." - deyərək kinayə ilə gülümsəyib.

Kseniya Sobçak həm də onu qeyd edib ki, Putinin gimnast Alina Kabayeva ilə evlənməsi barədə şayiələr həqiqətə uyğun deyil: "Prezidentin Alina Kabayeva ilə illərdir danışılan münasibətlərinin müzakirəsi indi yersizdi. Alinanın yaxın ətrafından öyrəndiyimə görə dəqiqliklə vəkillik edə bilərəm ki, bu söhbətlərin yeri yoxdur."

"Bir vaxtlar bu ailə ilə uzaqdan tanış olan bir şəxs kimi onu deyə bilərəm ki, Lyudmila Aleksandrovna heç də hər kəsin fikirləşdiyi kimi məzlum və acız qadın deyil, o öz haqlarını bilən və hüququnu tələb edən bir xanımdır. Fikrimcə Lyudmila Putina artıq neçə vaxtdır ki, boşanmaya israr edir."-deyə telejurnalist əlavə edib.

AzNews.az