Daha bir həbsxanada qiyam qalxdı – ÖZƏL

9 İyun 2013 15:05 (UTC+04:00)


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzarətində olan 12 saylı Cəzaçəkmə Müsəssisəsində rəhbərliyə qarşı qiyam qalxıb.

Bu barədə AzNews.az-a daxil olan ekskluziv məlumata görə, adı çəkilən həbsxanada çəza çəkən bir neçə məhbus özünü doğrayıb.
Məlumatda bildirilir ki, 12-ci "kolon"da 5-ə qədər məhkum biləklərini kəsib. Buna səbəb isə həbsxanadakı saxlanma şəraitidir.

Belə ki, məlumatda bildirilənə görə, məhkumlar cəzaçəkmə müəssisəsində məhkumlara verilən yeməklərin həddən artıq keyfiyyətsiz olmasına etiraz etmək üçün özlərinə zərər veriblər. Bildirilir ki, özünü doğrayan məhkumların etirazlarına digər həbsxana yoldaşları da qoşulub.

Daxil olan məlumata görə, hazırda 12-ci "kolon"da vəziyyət gərgindir. Biləklərini kəsən məhkumların vəziyyətinin ağır olduğu bildirilir.
Cəzaçəkmə Müəssisəsində yaşanan bu gərginlikıə bağlı yeni məlumatlar olduqca bu barədə bilgi verəcəyik.

Xatırladaq ki, ötən həftə Penitensiar Xidmətin daha bir həbsxanasında – 16-cı "kolon"da da anoloji hal yaşanmışdı. Saxlanma şəraitlərinə etiraz edən bir neçə məhkum özünü doğramış, digər məhkumlar da etiraza qoşulduqdan sonra həbsxanada rəhbərliyə qarşı qiyam baş vermişdi. Hadisə yerinə cəlb edilən Ədliyyə Nazirliyi hərbçiləri və xüsusi təyinatlı dəstənin müdaxiləsindən sonra "kolon"da qiyama rəhbərlik edən 4 məhkum başqa həbsxanaya köçürülərək "kars"a salınmışdı.

Bir həftə ərzində Penitensiar Xidmətə daxil olan iki həbsxanada oxşar hadisələrin baş verməsi qurumun cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitlərinin səviyyəsi ilə bağlı ciddi problemlər olduğuna işarə edir.

Azər
AzNews.az