Sosial-iqtisadi strategiyanın yeniliyi nədədir? - Deputat izah edir

7 Yanvar 2021 09:55 (UTC+04:00)

Yanacağın qiymətinin artmasından sonra aqrar sahə və sərnişindaşıma sahibkarlarına ödəmələr, kompensasiyalar nəzərdə tutulub. Özəlliklə də dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan addımdır. Bundan başqa, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək. Yəni görünən budur ki, hökumət yanacağın qiymətinin artırılmasına gedir, bunu mühüm hesab edir, lakin bu prosesin sadə və məhdud imkanlı təbəqələri incitməməsi, onların ciblərinə təsir etməməsi üçün də əlindən gələni edir. Belə demək mümkünsə, hökumət nisbətən imkanlı təbəqənin hesabına büdcənin gəlirini artırıb, nisbətən kasıb təbəqələrin də mümkün qədər qorunması üçün mexanizmlər hazırlayır.

Bəs bu strategiya doğrudurmu?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Trend”ə bildirib ki, Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsi əhalinin sosial vəziyyətinə heç bir mənfi təsir göstərməyəcək. Ona görə ki, tətbiq edilən strategiya, sosial siyasət düzgündür, əsaslıdır: “Qiymət dəyişməsi prosesi bütün dünyada baş verir. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq neft və neft məhsullarının qiymətində azalma müşahidə olunsa da ilin sonuna doğru bu tendensiya müsbətə doğru dəyişməkdədir və çox güman ki, koronavirusa qarşı peyvəndin geniş şəkildə istifadə olunmasından sonra bütün dünyada iqtisadi aktivlik yüksələcək, o cümlədən neft və neft məhsullarına olan tələbat da artacaq.

Neft və neft məhsullarının qiymətinin artımını biz bir çox ölkələrdə müşahidə etdik, o cümlədən qonşu ölkələrdə, həmçinin Avropa ölkələrində. Onu da qeyd edim ki, Azərbaycan region ölkələri arasında neft və neft məhsullarının ən ucuz satıldığı ölkədir və benzinin, dizel yanacağının qiyməti də bizdə ən aşağı səviyyədədir. Son dəyişiklikdən sonra yenə də bu aşağı qiymət səviyyəsi qorunub-saxlanacaq".

Komitə sədri qeyd edib ki, bu qiymət dəyişikliyindən büdcəyə əlavə gəlir gələcək ki, bu da sosial cəhətdən həssas insanların ehtiyaclarının ödənilməsinə yönələcək: “Bir tərəfdən koronavirus pandemiyası ilə əlaqədar olaraq əhaliyə sosial dəstək paketi həyata keçirildi və bu gün də keçirilməkdə davam edir. Eyni zamanda pensiyalar və müavinətlər artırıldı, yeni təqaüd növləri müəyyən edildi, təqaüdlərin məbləği artırıldı. Bu il də həm əmək haqlarının, həm pensiyaların, həm də sosial müavinətlərin artımı nəzərdə tutulur ki, bu da vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımlardır.

Digər tərəfdən, yanacağın qiymətinin dəyişməsinin əhalinin aztəminatlı hissəsinə mənfi təsirini önləmək üçün ictimai nəqliyyatda sərnişindaşıma xidməti göstərən sahibkarlara dəstəyin göstərilməsi və kənd təsərrüfatına subsidiyaların məbləğinə yenidən baxılması nəzərdə tutulur. Ona görə də əhalinin böyük əksəriyyəti yanacaq qiymətinin dəyişməsini hiss etməyəcək.

Yanacaq qiymətlərinin qalxması ilə bağlı Taarif Şurası 2013 və 2017-ci illərdə də qərar verib. Ondan sonrakı dövrdə isə əhalinin pul gəlirlərində təxminən 70 faizə yaxın bir artım müşahidə olunub ki, bunun da müqabilində yanacaq qiymətindəki dəyişiklik əhalinin sosial vəziyyətinə mənfi təsir etməyib".

Deputat Aydın Hüseynov Vahid Əhmədovu gərginlik yaratmaqda SUÇLADI -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sosial yönümlü siyasət aparılır: “Atılan bütün addımlarda, verilən qərarlarda vətəndaşların, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinin, eləcə də fermerlərin, ölkənin iqtisadiyyatında rol oynayan özəl sektorun maraqları həmişə nəzərə alınır. Dizel yanacağının və Aİ-92 benzininin qiymətindəki dəyişikliyin də mənfi təsirlərinin olmaması üçün hökumətin hazırladığı mexanizmlər var, konkret strategiya mövcuddur və zaman göstərəcək ki, bu strategiya da uğurludur. Qiymət dəyişikliyi nəticəsində dövlət büdcəsinə əlavə vəsaitlər daxil olacaq və bu vəsait sosialyönümlü tədbirlərə yonəldiləcəkdir".

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə bildirdi ki, hökumətin bu məsələ ilə bağlı konkret hansı strategiyasının olduğu ona bəlli deyil: “Sadəcə, mənim hökumətin əsaslandırmasından gördüyüm məsələ odur ki, müəyyən büdcə kəsirlərini doldurmaq üçün, ekologiyanı qorumaq üçün, işğaldan azad olunan ərazilərimizin bərpası üçün və eyni zamanda Azərbaycandan yanacağın başqa yollarla kənara çıxarılmasının qarşısını almaq və digər bu kimi səbəblər üçün qiymət artımına gedilib. Eyni zamanda əsaslandırma var ki, həm də dünyada benzin və dizel yanacağı bu cür qiymətlə qala bilməz, çünki bu, iqtisadiyyat üçün zərərlidir. Açığı, bunun nə dərəcədə doğru olub-olmamasını daha dəqiq iqtisadçılar bilər. Amma mənim bildiyim həqiqət bundan ibarətdir ki, məsələn, orada ekologiya ilə bağlı əsaslandırma var. Düşünürəm ki, bu gün insanlarımızı ekologiyadan daha çox iqtisadi baxımdan normal yaşamaq, ailəsini dolandırmaq, ac qalmamaq düşündürür. Təbii ki, ekologiya vacibdir, amma hər şeydən vacib insan həyatıdır, vətəndaşların normal yaşamasıdır”.

Deputat qeyd etdi ki, vacib olan yanacağın bahalaşmasının kasıb təbəqənin güzəranını daha da pisləşdirməsinin qarşısını almaqdır: “Bunun üçün də hökumət müəyyən mexanizmlər tətbiq edəcəyini açıqlayıb. Hesab edirəm ki, həmin o dəstək paketinin miqdarı, necə olacağı açıqlanmalıdır. Eyni zamanda sərnişindaşımada qiymətlərin artacağı ilə bağlı insanların narahatlığı var. Bu məsələ ilə bağlı da hökumət xalqı arxayınlaşdıracaq addım atmalıdır. Kənd təsərrüfatına mənfi təsirlərin önlənməsi üçün fermerlərə veriləcək subsidiyalar yaxşı olardı ki, qiymət artımı ilə eyni vaxtda elan olunaydı. Mənə belə gəlir ki, verilən qərarda müəyyən qeyri-professionallıq olub. Bu, ölkədə aparılan sosial siyasətə elə də uyğun gəlmir. Prezident də bütün dövlət, hökumət qurumlarının üzərinə vəzifə qoyub ki, vətəndaşı narazı salmaq olmaz. Ona görə də hər bir verilən qərarın mənfi təsirlərinin qarşısının alınması üçün əsaslı tədbirlər görülməli və bu barədə vaxtında insanlara onların başa düşdüyü şəkildə sadə formada izahat verilməlidir”. (“Yeni Müsavat”)

AzNews.az