Azərbaycan üçün qərb vaksini

7 Yanvar 2021 14:50 (UTC+04:00)

Avropa İttifaqının 13 ölkəsinin xarici işlər nazirləri Avropa Komissiyasına müraciət edərək Azərbaycanın da qoşulduğu Şərq Tərəfdaşlığı ölkələrinin qərb istehsalı olan koronavirus vaksinləri ilə təchizatı üçün sadələşdirilmiş proqram hazırlamağa çağırıb. TASS-ın yaydığı xəbərə görə, məktubu imzalayan nazirlərin hansı ölkələri təmsil etdiyi açıqlanmır, amma Avropa Komissiyasından müraciətə “vaxtı gələndə cavab verəcəklərini” deyiblər.

“Biz Avropa Komissiyasını Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrinin vaksinlə təchizatını dəstəkləmək üçün sürətlə mexanizm hazırlamağa çağırırıq. Şərq Tərəfdaşlığının 2021-ci ilin birinci yarısında baş tutacaq sammiti ərəfəfinsə biz bu proqramın strateji əhəmiyyəti barədə güclü və koordinasiya olunmuş siqnal göndərməliyik. Vaksinlə təchizatın sadələşdirilmiş mexanimi bu siqnalın mühüm tərkib hissəsi olacaq. Biz əminik ki, bu hərəkət həmin dövlətlərin vətəndaş cəmiyyətləri və hökumətləri tərəfindən qiymətləndiriləcək, Avropa İttifaqının dünyada geosiyasi rolunu artıracaq”,-məktubda deyilir.

Avropa Komissiyası da ittifaqa daxil olan 13 ölkənin xarici işlər nazirlərindən məktub aldıqlarını təsdiqləyib. Bu haqda Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Ana Pizoneryo bildirib.

“Biz bu məktubu aldığımızı təsdiqləyirik və ona vaxtı çatanda cavab verəcəyik. Biz lap əvvəldən Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrinə necə kömək edə biləcəyimiz barədə məsələni nəzərdən keçirmişik. Biz bunu beynəlxalq və Avropa maliyyə institutlarının, habelə vaksinlərə bütün dünya ölkələrinin bərabar çıxışın təmin etmək üçün yaradılan COVAX fondunun dəstəyi ilə həyata keçirməyi planlaşdırırıq”,-Avropa Komissiyasının nümayəndəsi deyib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının üzvü olan Azərbaycan tezliklə koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına başlamağa hazırlaşır. Lakin Azərbaycan əhalisinə əsasən Çinin “Sinovac” şirkətinin işləyib hazırladığı vaksin vurulacaq. Azərbaycan bu məsələdə Türkiyə ilə ortaq hərəkət edir, Türkiyədə artıq “Sinovak” şirkətinin istehsal etdiyi pereparatlarla peyvənd kampaniyası başlayıb. Sifariş verilən 30 milyon dozadan 3 milyon dozası artıq Türkiyəyə çatdırılıb.

Bununla belə Azərbaycanda Rusiyanın “Sputnik V” vaksininin də sınaqdan keçirilməsi üçün danışıqların başladığı haqda xəbərlər yayılmışdı. Söhbət Rusiya pereparatının AstraZeneca şirkətinin istehsal etdiyi pereparatla kombinasiya edilmiş formada tətbiqindən gedir.

Göründüyü kimi, koronavirusa qarşı vaksin həm də geosiyasi mahiyyət kəsb etməyə başlayıb. Söhbət həm vaksin istehsal edən şirkətlərin əldə edəcəyi milyardlarla dollar gəlirdən, böyük dövlətlərin vaksinlər üzərindən öz maraqlarını təmin etməsindən gedir. Analtiklər qeyd edirlər ki, koronavirusa qarşı vaksin kampaniyasında Çin və Rusiya qalib gələ bilər. Çünki bu ölkələrin istehsal etdikləri pereparatlar daha əlçatan hesab edilir və istehsal prosesi daha sürətlidir.

Bu arada Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynada elitanın artıq gizlicə koronavirusa qarşı qərb vaksini vurdurduqları məlum olub. Jurnalistlərin əldə etdiyi məlumatlara görə, bir çox deputatlar, nazirlər və imkanlı şəxslər artıq vaksin vurdurublar. Bu işlə Kiyevdəki “Mediland” klinikası məşğul olur. Klinikadan məlumatı təsdiqləyiblər və deyiblər ki, son günlər onlara xeyli müraciət olub. Vaksin vurduranların hamısı “sağ-salamat” gediblər... (Virtualaz.org)