Hitlerin silahdaşının sirli gündəliyi tapıldı

10 İyun 2013 07:17 (UTC+04:00)
Faşist Almaniyasının rəhbərlərindən biri olan Alfred Rozenberqin gündəliyi tapılıb. Nyunberq tribunalı tərəfindən 1946-cı ildə barəsində ölüm hökmü verilən Rozenberqin gündəliyi Amerikada aşkarlanıb.

Mütəxəssislərin fikrincə, gündəlikdəki qeydlər 1936 - 1944-cü illəri əhatə edir. Gündəlikdə SSRİ-yə hücum planları ilə bağlı da maraqlı məqamlar yer alıb. Buna görə də gündəlik tarixçilər üçün mənbə kimi istifadə edilə bilər.

Yaxın zamanda gündəliyin muzeyə təhvil verilməsi nəzərdə tutulur. Ancaq "sənədin" hansı şəraitdə tapılması barədə hələlik məlumat verilmir. Bununla belə qeyd olunur ki, əlaqədar qurumlar yaxın günlərdə mətbuat konfransı keçirərək bu barədə ətraflı məlumat verəcək.

Qeyd edək ki, Rozenberqin gündəliyi və ayrı-ayrı vərəqlərdə yazdığı qeydlər tribunaldan dərhal sonra yoxa çıxmışdı. Elə həmin zaman gündəliyin məhkəmədə iştirak edən Amerika təmsilçisi Robert Kempner tərəfindən Amerikaya aparılması fikri səsləndirilirdi.

Kempner 1993-cü ildə 93 yaşında vəfat etdikdən sonra onun qohumları və muzeylər arasında məhz arxiv materiallarına görə məhkəmə çəkişməsi başladı. 10 il davam edən məhkəmənin sonunda Kempnerin qohumları arxivi muzeyə vermək qərarına gəldilər. Ancaq arxivdəki həmin materiallarına arasında Rozenberqin gündəliyi yox idi. Sonralar Kempnerin katibi gündəliyi ələ keçirməkdə şübhələri üzərinə çəkdi. Məsələyə hətta FTB müdaxilə etdi. Ancaq bu dəfə də heç nəyi sübut etmək mümkün olmadı.

Buna görə də gündəliyin Amerikaya necə gətirilməsi və bu müddətdə harada saxlanılması və böyük sirr olaraq qalır.

Elnarə Əlosmanqızı
AzNews.az