"Lent.az": O yazını bütün Xankəndi görəcək

12 Yanvar 2021 14:14 (UTC+04:00)

“Şuşanın azad olunması xəbərini alandan 2-3 gün sonra düşündük ki, kirillə yazılan “Шуша” yazısını “Şuşa”ya dəyişmək yaxşı olar. Elə özüm və əməkdaşlarımız bu yazını hazırlamağa başladıq”.

Bu sözləri Tural Əliyev deyir. Tural Əliyev Bakıdakı reklam agentliklərindən birinin direktorudur. Elə sözügedən “Şuşa” yazısının müəllifi də odur.

O yazı ki, Şuşanın məşhur qala divarlarının girişi, tarixi Gəncə qapıları üzərində yerləşdirilməsi nəzərdə tutulub.

“Noyabrın 8-i Şuşanın azad olunması xəbərini alandan 2-3 gün sonra fikir yarandı ki, köhnə kirillə yazılan “Шуша” yazısını “Şuşa”-ya dəyişmək yaxşı olardı. Təxminən 4-5 gün ərzində sexdə istehsal etdik. Noyabrın 17-də yazı artıq hazır idi”.

Böyük zəhmət hesabına hazırlanan bu yazının ideyası ilə Elnur Eyvazovdan gəlir. İdeyanı bəyənərək həyata keçirən isə Tural Əliyev olur:

“Hündürlüyü iki, uzunluğu isə 7 metrdir. Əsasən PVX (foreks), orqanik şüşə, metal karkas və diod lampalardan istifadə olunaraq hazırladıq. Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq”.

İndi geriyə qalır bu yazının aparıb yerləşdirmək. Bunun üçün isə...

“Biz dövlət qürumlarına icazə ilə bağlı müraciət etdik. Hələlik, anladığım qədər ilə, müzakirə mərhələsindədir və təsdiqi gözlənilir. Yazını haraya yerləşdirilməsi hələlik bəlli deyil. Hər bir halda, agentlik olaraq, biz təmənnasız bu yazını aparıb Şuşada yerləşdirməyə hazırıq”.

Bir çoxlarının fikrincə möhtəşəm “Şuşa” yazısı Xankəndindən belə görünəcək.

Bu layihənin ideya müəllifi Elnur Eyvazovla da əlaqə saxladıq. İdeya müəllifini təsdiqləsə də, bu barədə danışmaq istəmədiyini bildirdi:

“Üzrlü sayın, bu barədə danışılacaq bir sözüm yoxdur. Diqqətinizə görə isə təşəkkür edirəm”.