"Bu depressiyanın içində vurnuxuram, çıxa bilmirəm" - Mirmehdi Ağaoğlu

12 Yanvar 2021 18:23 (UTC+04:00)

AzNews.az Qaynarinfo-ya istinadən yazıçı, jurnalist Mirmehdi Ağaoğlu ilə müsahibəni təqdim edir:

- Mirmehdi, necəsən, nə işlə məşğulsan hazırda?

- Mən yaxşıyam, sən yaxşı olasan. Ümumi olaraq iş-güclə məşğulam, yox, yaradıclıq barəsində deyirsənsə, neçə müddətdir hamı kimi mən də son hadisələrin təsirindəyəm, 44 günlük Vətən Müharibəsini nəzərdə tuturam. Uzun illər bu günü gözləyirdik. Çünki danışıqlar prosesinin ikinci on ilinin də tamamlanmağa doğru getməsi göstərirdi ki, bizə lay-lay çalırlar, torpaqlar danışıqlarla qayıdası deyil. Nə vaxtsa müharibənin baş verməsi labüd idi. Şükür Allaha, 44 gün çəkən müharibə torpaqlarımızın əhəmiyyətli hissəsinin işğaldan azad edilməsi ilə bitdi. Azərbaycanla Ermənistan arasındakı münaqişəyə üçüncü bir dövlət müdaxilə edənə qədər nə bacarırdıqsa, onu da həyata keçridik. Ordumuz, oğullarımız çox misilsiz, inanılmaz igidliklər göstərdilər. İndi yalnız Dağlıq Qarabağla bağlı narahatlığımız qalıb, o da ümid edirəm danışıqlarla xeyrimizə başa çatacaq. Ən əsası bu 44 gündə biz ermənilərə də, dünyaya da, elə özümüzə də göstərdik ki, torpaqlarımızı geri almaq gücündəyik. Bunu Qarabağda döyüşən igidlərimiz göstərdilər. Bu müharibə təkcə bizim üçün yox, elə dünya üçün də bir çox cəhətləri ilə yeni oldu. Əvvəla, dronlardan istifadə bu müharibədə geniş tətbiq olundu, zənnimcə, əvvəllər dronların belə geniş istifadə edildiyi müharibə olmayıb. Bundan başqa arxa cəbhədəkilərin də bu müharibədə yaşadıqları əvvəlki müharibələrdən fərqləndi. Qabaqlar əgər müharibə meydanından yalnız xüsusi jurnaslistlərin çəkdiklərinə baxa bilridiksə və müharibə yalnız bu görüntülərlə beynimizə həkk olur, təəssürat yaradırdısa, bu dəfə isə sosial media müharibəyə də öz təsirini göstərdi. Biz müharibə meydanından onlarla, yüzlərlə isti-isti videolar gördük. Hətta bəzən hər kəsin baxması lazım olmayan kadrlar da qabağımıza çıxdı, ona görə yaşatdığı travma da bir qədər fərqli oldu.

- Müsahibəmiz də döyüşdən sonraya təsadüf edib. O ab-hava qalır hələ də. Necə bir hiss keçirirsən? Yazıçı kimi də, vətəndaş kimi də.

- Təbii ki, bu günlərdə hamımız narahat idik. Müharibə artıq bitib, şəhidlərimizin sayı məlum olub. Bundan da çox ola bilərdi. Amma deyim ki, bir şəhid də çoxdur. Biz hamımız vətən uğrunda ömrünü qurban edənlərə borcluyuq. Sənə bir söz də deyim, Orxan, mən şəhid videolarına baxa bilmirəm. Şəkillərin, videolarını görürəm, tez fırlayıram, baxıramsa da, axıra kimi baxmağa tab gətirmirəm, xəcalət çəkirəm, utanıram. Öz boyumdan-buxunumdan utanıram...

- Səhv etmirəmsə, ailəndən iştirak edən var idi.

- Hə. Əmim oğlu yollanmışdı. Cəbrayılın və Qubadlının işğaldan azd edilməsinə görə medallarla mükafatlandırılıb. Artıq tərxis olub.

- Allah şəhidlərə rəhmət eləsin, qazilərə də şəfa. Ümid edirik, hər şey yaxşı olar. Biz bir az da özümüzdən, ədəbiyyatdan danışaq.

- Amin. Danışaq. İşimizin adı nədir? Danışmaq və yazmaq.

- Mirmehdi, sən ədəbi mühitdə hamı tərəfindən tanınsan da, görünən odur ki, ümumi kütlə tərəfindən tanınmırsan. Bir halda ki uzun illərdi ədəbiyyatın içindəsən. Bu, səncə, tam olaraq nə ilə əlaqədardır? İstedadın yetəri qədər deyil, yoxsa özün sevmirsən?

- Kütlə tərəfindən bizdə nə qədər qələm adamı tanınır? Kütlə hamısını tanıyırmı?

- Ən azından yazıçıların böyük hissəsi sosial olaraq müəyyən kütləyə çıxa biliblər. Məsələn, sən əksəriyyətindən əvvəl yazmağa başlasan da, tanınmaq üçün yetəri işlər görsən də, yaradıcılıq baxımından hələ də durğunluq var sanki...

- Sosial deyəndə nəyi nəzərdə tutursan, kitab dükanlarında kitablarını alırlar? Yoxsa sosial şəbəkədə tanınırlar? Yəni sosial mediada tanınmağı oxunmaq hesab edirsən?

- Onsuz da əksəriyyət, hətta hazırkı dövrdə demək olar, hamı sosial şəbəkədə tanınır. Kitablarını da buranın köməkliyi ilə satırlar. Bu gün kitabını satmaq istəsən, təxminin varmı sosial şəbəkədən səni tanıyan nə qədər insan kitabını ala bilər? Məsələn, həmkarın Kəramət Böyükçöl misalı.

- Mənim beş ildir ki, kitabım çıxmır. Bircə "Alman malı” kitabımdan başqa bütün kitablarım satılıb qurtarıb. Hətta öz hesabıma cəmi 500 tirajla çap elədiyim "Bu gün səbr elə” adlı romanımın birinci təqdimatda iki yüzə yaxını satılmışdı. Həmin tirajdan indi əlimdə iki-üç kitab qalıb ki, onu da özüm üçün saxlamışam. Yəni deməyim odur ki, ola bilsin, sən ədəbiyyata təzə gəlmisən, xəbərsizsən, eybi yox, mən xüsusən öz hesabıma çıxardığım kitabımın təqdimatını kifayət qədər yaxşı qurmuş və xeyli də kitab satmışdım.

Lakin bundan sonra da kitab çıxarsam, nə sosial şəbəkədə satmağı düşünərəm, nə də sosial şəbəkəyə arxayın olaram. Problem ondadır ki, bizdə kitab sənayesi formalaşmayıb, nəinki formalaşmayıb, kitab sənayesi qəhətə çıxıb. Belə bir şəraitdə yazarların bir çoxu Kəramət Böyükçöl yolu seçməyə çalışırlar. Çoxu da faiskoya uğrayır. Çünki sosial şəbəkə kitab satmaq yeri deyil. Kəramətə baxma. O sosial şəbəkə fenomenidir. Yazıçılığından çox yazdığı statusları ilə, sosial şəbəkədə fəaliyyəti ilə tanınıb. Bu üstünlüyünü də kitablarını satmaq üçün istifadə edir. Yaxşı da edir. Ona sözüm yoxdur. Amma hamı bu metoddan istifadə edə bilməz, elə özüm. Odur ki, mən ölkədə normal kitab bazarının yaranmasını arzulayıram. 30 ildir müstəqilik, dünya artıq yeni bir texnoloji eraya qədəm qoyur, biz hələ də XIX əsrdə Avropada mövcud olan kitab satışı mexanizmini qura bilməmişik. Bədbəxtliyimiz budur. Mən istəyirəm ki, Kəramət kitabını yazıb versin nəşriyyata, nərşiyyat çap edib düzsün kitab rəflərinə. Oxucular da gedib o kitabları alsınlar. Kəramət də qazansın, sonra isə həmin inersiya ilə növbəti kitabını yazsın. Normal kitab bazarı olsa, proses bu cür baş verəcək. Lakin təəssüf ki, bizdə kitab bazarı deyilən nəsnə yoxdur.

Mənimlə bağlı məsələyə gəldikdə isə, zənnimcə, kifayət qədər istedadım var, bunu yazdıqlarımla da sübut etmişəm. Sadəcə, son illər elə bir dövrdəyəm ki, özüm özümlə mübarizə aparıram. Özümü aşmağa çalışıram. Yazmaq istədiklərim var, ya zəlzələdən, ya vəlvələdən hələ yazıb başa çıxamamışam. Allah imkan versə, növbəti illərdə yazacam. İstedad və sənətlə məşğul olmaq barədə ən yaxşı fikirlərdən birini 170 il qabaq Dostoyevski özünün "Netoçka Nezvanova” povestində deyib. Netoçkanın atalığı Yefimov istedadlı skripkaçı olsa da, öz üzərində çalışmaq yerinə ömrünü əyyaşlığa xərcləyir və nəticədə nə vaxtsa öyündüyü bacarığı onu lovğa, kobud adama çevirir. Bir də onda ayılır ki, həmişə ələ salıb güldüyü, istedadsız adlandırdığı S. adlı skripkaçı özünün zəhməti bahasına gəlib onu keçib, məşhurlaşıb, Yefrimov isə məhv olub gedir, heç kəs onu xatırlamayacaq. Folkner də deyir ki, yazmaq üçün doxsan doqquz faiz istedad, doxsan doqquz faiz zəhmət, doxsan doqquz faiz intizam gərəkdir. Mənə də elə gəlir ki, istedadımın olduğunu yazdığım beş-on hekayə ilə az-çox sübut etmişəm. Qaldı ki, zəhmət, intizam məsələsinə, bax mən içimdə neçə ildi bununla mübarizə aparıram, özümü buna görə qınayıram. Ağlımda gözəl ideyalar var, lakin hələ də Folknerin dediyi kimi, doxsan doqquz faiz zəhmətə, doxsan doqquz faiz intizama qatlaşmamışam. Qatlaşmışam, hardasa on faiz. Bax bu da məni yaradıcı depressiyaya salır. Artıq bir neçə ildi bu depressiyanın içində vurnuxuram, çıxa bilmirəm. Bundan sonra nəsə yaz biləcəmmi, bilmirəm. Yazammasam da, dərd etmərəm. Ölüm deyil ki. Bu depressiyadan çıxmağın da yolunu tapmışam, elə ki, müntəzəm şəkildə yazmağa başladın, hər şey yoluna düşür, müntəzəm yazanda ilham da gəlir, ideya da yaranır, zənciri qıran kimi nizam pozulur, xaos yaranır. Gərək nizamı pozmayasan. Onun həllinə nail ola bilməmişəm.

Sosial şəbəkədə tanınmağa gəldikdə isə, mən bir az sakit adamam. Sosial şəbəkələr mənlik deyil. Əlimdə imkanım olsa, sosial şəbəkələrdən də çıxaram, heç girmərəm. Sadəcə, sosial şəbəkələr son illər əsas informasiya mənbəyinə çevrilib deyə işimlə əlaqədar Feysbuku bağlamaq alınmır, yoxsa çoxdan oranı tərk etmişdim. Mən tez alınan, utancaq adamam. Komplekslərim var. Görünür, bu cür xarakter sosial şəbəkənin tələbləri ilə ziddiyyət təşkil edir. Mənim üçün dünyada iki cür insan var, qılaflı və qılafsız adamlar. Mənim nəzərdə tutduğum qılaflı adam Çexovun dediyi qılaflı adama bəznəmir, onun tam əksidir. Mən özümü ikincilərdən hesab edirəm. Biri var qılafı güclü olan, hər cür təzyiqə əks reaksiya verən, müqavimət qabiliyyətli, dözümlü adam, bir də var mənim kimi bekara bir sözdən inciyən, tez pərt olan, müdafiə qabiliyyəti zəif, qılafsız adam. Məsələn, kimisə acılayanda, kiminsə xətrinə dəyəndə bütün günü kefim pis olur, hər şeyi atıb onun fikrini edirəm ki, niyə görə filankəsə belə yazdım, belə dedim. Bəlkə kimsə bunu qələbə kimi dəyərləndirib, başqasının xətrinə dəyməkdən, onun zəif yerinə basmaqdan həzz alır, mənsə bacarmıram. Əksinə elədiyimin qarşılığı misli ilə özümə qayıdır, vicdanım rahatlıq vermir. Mənim kimi adamlara sosial şəbəkələrdə, minlərlə insanın qarşılıqlı münasibətləri içərisində davranmaq çətindir. Ona görə də sosial şəbəkələrdə gedən müzakirələrdə, rəy bölüşmələrində iştirak etməkdən qaçıram, həm də yoruluram. Yəqin ki, mənim kimiləri təkamül prosesindən sağ çıxmazdı, dinozavrlar, arxeopiterikslər kimi məhv olub gedərdilər. Belə boy-buxunlu (təbii ki, səninlə müqayisədə yox) olmağıma baxma, zəif və kövrək adamam. Ona görə də istər sosial şəbəkədə, istər həyatda gərəksiz ünsiyyətlərdən qaçıram. Cəmiyyət də həmişə bu cür asosial adamları dışlayır. Bu pisdirmi, məncə pisdir. Amma neyləyim, başqa cür ola bilmirəm. Bu yaşdan sonra da xasiyyətimi dəyişməyim çətin olar.

- Yəni, belə çıxır ki, Kəramət, sadəcə, fenomen olduğu üçün alırlar? Bu, ədəbiyyatla elə də əlaqədar deyil? Kəramətdən sonra belə edənlər Kəramət qədər olmasa da, sata bildilər. Ümumilikdə, bu cür satış üsulu da sənə yaddır onda...

- Kəramət sosial şəbəkədəki məşhurluğunu kitablarını satmaq üçün istifadə elədi. Sabah Kəramət kitab yox, telefon da satsa, gəlib ondan alacaqlar. Yenə deyirəm, Kəramət istisna haldır. Mən Kəramətin bu addımını ölkədəki kitab bazarının olmamasına qarşı bir etiraz aksiyası, performans adlandırardım. Biz qələm adamları fərdi şəkildə kitab satışında uğur qazanmağa can atmaqdansa gücümüzü ortaya qoyub normal kitab mühitinin formalaşmasına çalışmalıyıq. Bu satış üsulu isə mənə yox, ümumilikdə, kitab sisteminə ziddir. 30 ildir müstəqilik, hələ də Azərbaycanda normal kitab bazarı formalaşmayıb. Əlbəttə, sosial şəbəkənin də imkanlarından istifadə etmək lazımdır. Amma sosial şəbəkədə dükan açıb kitab satmaqla yox, onun reklam, marketinq və başqa imkanlarından yararlanmaqla istifadə etmək lazımdır.

- Mirmehdi, özünü daha çox jurnalist hesab edirsən, yoxsa yazıçı?

- Mən jurnalistika ilə yazıçılığa yaxın peşə olduğu üçün məşğulam. Əgər həyatımda heç bir öhdəliyim olmasa, ömrümü yalnız oxumağa və yazmağa sərf edərəm. Təəssüf ki, bu mümkün deyil. Jurnalsitikaya gəldikdə isə müsahibə almaqdan xoşum gəlir. Yəqin ki, yaxın illərdə yaxşı müsahibələrimi yığıb kitab halında çap edəcəm, özümə görə yox, mənə müsahibə verənlərin dəyərli fikirlərinə görə. Məsələn, Ömər Eldarov, Fazil Nəcəfov, Alim Qasımov, Qara Qarayevin qızı Züleyxa xanım, daha kimlər, kimlər mənə müsahibə verib, o müsahibələri elektron mediaya etibar etmək olmaz, mütləq kitab halında da çıxarmaq gərək.

Ümumiyyətlə, sənə bir şey deyim. Biz ədəbiyyata, kitab çapına konseptual yanaşa bilmirik. Hələlik, mənim yaşıdlarımın arasında bu işi ən gözəl bacaran Fərid Hüseyn və Qismətdir. Xüsusən də Fəridin bu fəaliyyətini alqışlayıram. Həyata keçirdiyi bütün layihələri bir müddət sonra kitablaşdırır. Bir qələm adamı da mənə görə öz fəaliyyətini dövrü olaraq kitab şəklində arxivləşdirməli, fəaliyyət dövrünə kitabla möhür vurmalıdır. Əgər dünyadakı başqa yazıçılarına, qələm adamlarına da baxsaq, görərik ki, indi hamı bu cür edir.

- "Sənət adamları güvənilməz adamlardır. Onlar hər an, hər şey edə bilərlər" bu sözlər sənə məxsusdur. Məsələn, sənə hansı mövzuda güvənə bilmərik, deyə bilərsənmi? Nə edə bilərsən?

- Hərdən çox istəyirəm ki, tısbağa kimi qınıma çəkilim. Nə mən kiməsə dəyib dolaşım, nə də kimsə mənə dəyib-dolaşsın. Nə bilim, hərdəmxəyalam. Yaxşı insan olmağa çalışıram. Ədalətli, haqqaniyyətli olmağa çalışıram. Amma çalışıram. Bilmirəm, mənə nədə güvənmək olar, nə də olmaz. Belə deyim də, özümdən arxayın deyiləm.

- Pislik edib, adam öldürə, oğurluq edə bilərsən? Bir haldakı sənət adamları hər an hər şey edə bilər, səndən də bunu gözləyə bilərikmi?

- İnanmıram. Oğurluq heç etmərəm. Təbiətimə bələdəm. Bir neçə dəfə oğurlamaq imkanım olub, amma etməmişəm. Adam öldürmək isə elə məsələdir ki, bəlkə də məcbur qalsam, özümü müdafiə üçün öldürə bilərəm. İstəmədən olsa da. Məsələn, övladıma qarşı təhlükə görsəm, məncə instinktiv olaraq bir heyvan kimi davranaram.

- Əgər bir hekayə, bir əsər, bir cümlə, şeir - fərq etmir, istedadını konkret bir yazı ilə müəyyən edəsi olsaq, bu hansı olardı?

- Məncə, ondan çox yaxşı hekayəm var. Sadəcə, indiki yaşımda bu vaxta qədər yazdıqlarımla daha kifayətlənmirəm. Artıq yeni bir əsər yazmaq niyyətindəyəm və özümü ona fokuslayıram.

- Mənə elə gəlir ədəbiyyat nədir, sualına cavab vermək çətin, lap belə deyək, mümkünsüzdür. Şablon cavablar ola bilər. Bəs, Mirmehdi, ədəbiyyat nə deyil?

- Bunun da cavabı hardasa şablon alınacaq. Nə ki, sözlə bədii və estetik şəkildə ifadə olunursa, ədəbiyyatdır, gerisi deyil. Nəsə, qəliz məsələlərə girməyək.

- Müsahibə üçün təşəkkür edirəm.

- Mən də. Çox sağ ol.