“Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir. Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq”.
AzNews.az xəbər verir ki, Baş Prokurorun söylədikləri barədə fikirlərini “Sherg.az”la bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib ki, dövləti gücləndirmək üçün ilk növbədə korrupsiyanı yox etmək lazımdır:
“Korrupsionerlər ifşa olunmalıdır ki, onların hansısa qohumu vəzifəyə gəlmək istəsə, bütün həqiqətlər bilinsin . Bu işlə məşğul olanları həbs etməzdim. Onların əlindəki bütün sərvətləri almaq lazımdır. Eyni zamanda korrupsiya ilə məşğul olanların övladlarına məxsus sərvətləri də ələ keçirmək vacibdir. Bu, onlar üçün ən böyük zərbədir”.
N.Cəfəroğlu qeyd edib ki, korrupsionerlərin cəzalandırılmasını vətəndaşların gözü qarşısına etmək lazımdır:
“Onların talan etdikləri vəsaitlərin bir qismi uşaqlar evinə, digərləri şəhid ailələri və qazilərimizə verilməlidir . Bəzən korrupsiyanın üstü açılanda bu işlə məşğul olanların əlindən heç nə alınmır.
Daha sonra onlar xarici ölkələrdəki bütün hesabları ilə özlərinə yeni iş qurub çox gözəl həyat yaşamağa davam edirlər. Çox ciddi və sərt işlər görülməlidir ki, belə hallar baş verməsin. Xalqın pulunu talayıb özlərinə sərvət düzəldirlər.
Nə üçün bu pullar onlarda qalmalıdır ki? Korrupsiya bütün dünyada var. Demokratiyanın beşiyi sayılan Amerikanın özündə də belə hallar olur. Özümüzü qorumaq üçün bu sahədə ciddi mübarizə aparmalıyıq”.