Şəbnəm Həsənova: Regionda yeni reallıqlar yaranır

13 Yanvar 2021 14:29 (UTC+04:00)

"Yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət Bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq olunması ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verən bir görüş oldu."

AzNews.az xəbər verir ki, bu fikirləri İkisahil.TV-yə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Ş.Həsənova qeyd edib ki, bir daha sübut olundu ki, münaqişə birmənalı olaraq bitib, bundan sonra gələcəyə fokuslanmaq lazımdır, kommunikasiyaların açılması və regionun inkişafı haqda düşünmək lazımdı. Ermənistan isə özü seçir – revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə kənarda qalacaq. Yox, əgər Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Cənab Prezident dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır. Əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real addımlar atmalıdırlar. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın.

Ş.Həsənova diqqətə çatdırıb ki, mühüm amil odur ki, Bəyanatda Azərbaycan Prezidenti cənab İlham Əliyevin indiyədək səsləndirdiyi fikirlər öz əksini tapıb. Belə ki, burada Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç nə yoxdur və əsas diqqət yolların açılmasına yönəldilir. O ki qaldı Paşinyanın «status»la münaqişənin hələ bitməməsi haqda bəyanatına, bu da məlum məsələdir ki, onun bu sözlərini Ermənistanın daxili auditoriyası tərəfindən qəzəbə tuş gəlməmək üçün səsləndirilən mesaj kimi şərh etmək daha doğru olardı. Çünki Paşinyanın Moskvaya gedərkən Yerevanı hansı şəraitdə tərk etdiyi hər kəsə məlumdur. Müxalifət yolları kəsib onu aeroporta buraxmırdı, radikallar, əsasən daşnaklar onun «antierməni sənəd» imzalayacağı təqdirdə ölkəyə buraxılmamasını tələb edirdi. Moskvada da ona qarşı səfirlik önündə aksiyalar keçirilirdi. Bu səbəbdən də Rusiyanın polis qüvvələri Ermənistanın Rusiyadakı səfirliyini ciddi şəkildə mühafizə edirdi. Belə gərgin şəraitdə Paşinyanın «status lazımdır, münaqişə bitməyib» kimi bəyanat verməsi ona qarşı radikal mövqedə dayananlara istiqamətlənmiş bir mesajdır. Əsas məsələ isə rəsmi sənəd və birgə Bəyanatdır ki, burada da Paşinyanın yox, həm döyüş meydanında, həm də diplomatik masada Müzəffər olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dedikləri öz əksini tapıb.

Ş.Həsənova əlavə edib ki, Moskva görüşü ilə bağlı birgə Bəyanatın qəbulu zamanı bir daha göründü ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür və bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir. Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərinin inkişafına daha da təkan verəcək. Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahədə sürətlə inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizindən birgə istifadə edir. Eyni zamanda, Rusiya Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır.