“Bizim apteklərin ərzaq mağazalarından fərqi yoxdur”

13 Yanvar 2021 16:10 (UTC+04:00)

Bir neçə gün öncə 29 yaşlı Ağdaş sakini həkim məsələhəti olmadan ona vurulan antibotik preparatının ucbatından dünyasını dəyişib. Belə ki, rayon sakini Elman Baxışov sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra ölüb.

Antibiotiklər niyə öldürür, niyə bu qədər təhlükəlidir?

Dünyada bir çox insanlar antibiotiklərin virus və soyuqdəymə xəstəliklərində effektiv olduğuna inanır. Halbuki mütəxəssislər daim xəbərdarlıq edir ki, antibiotiklər mikrobları və bakteriyaları öldürə bilər, lakin onlar viruslara təsir göstərmir. Eyni zamanda antibiotiklərin uzun müddət qeyri -düzgün istifadə edilməsi düz bağırsaq xərçənginə, dizbakterioza və s. səbəb olur. Bu baxımdan antibiotikləri yalnız həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır.

Azərbaycanda da özbaşına antibiotik preparatlarından istifadə edənlər az deyil. Xüsusən də pandemiya başladığı dövrdən antibiotiklərdən istifadə demək olar ki, kəskin surətdə artıb. Bəzən hansısa həkimlərin də əsası olmadan xəstələrə antibotik məsləhət gördüyünün şahidi oluruq. Beləliklə, antibiotikin hansı əks təsirlərə səbəb olmasından xəbərsiz olan insanlar daim bu preparatlardan istifadə etməyə çalışırlar. İndi istənilən şəxs aptekə girib, heç bir həkim məsələhəti olmadan antibiotik alır, istifadə edir, nəticədə sonradan onun fəsadları ilə üz-üzə qalır. Mütəxəssislər dəfələrlə ölkəmizdə antibiotiklərin apteklərdə reseptsiz satılmasının qadağan olunması ilə bağlı çağırışlar etsələr də, hələlik bu məsələ tənzimlənməmiş qalır.

Qeyd edək ki, Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur. Türkiyədə də artıq apteklərdə antibiotiklərin reseptsiz satılmasının qadağan olunması ilə bağlı qərar qəbul edilib.

Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə edib

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: "Antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılması birmənalı şəkildə qadağan olunmalıdır. Ümumiyyətlə isə dərman preparatları yalnız resept əsasında satılmalıdır. Bizim aptek şəbəkələrinin ərzaq mağazalarından fərqi yoxdur. Təəssüf ki, bu da bəzən faciəli hallara gətirib çıxarır. Xəstələr bəzən kiminlərinsə məsləhəti, əllərdə gəzən əsassız reseptlərlə, məsuliyyətsiz insanların tövsiyələri ilə hərəkət edir, özbaşına antibiotik alıb, istifadə edirlər. Bəzən isə apteklərin özündə xəstələrə hansısa antibiotikləri məsləhət görürlər. Bütün bunların hamısı qeyri-qanunidir".

Professor qeyd edib ki, evdə özbaşına antibiotik vurdurmaq çox təhlükəlidir: "Çünki antibiotiklərin əksəriyyəti profilaktik reaksiya verə bilir. Xatırlayıram ki, hələ sovet dövründə ilk antibiotik olan pensilin şoku anafilaktik şokun bir forması kimi təsnifata salınmışdı. İndi təsəvvür edin, evdə necə özbaşına antibiotik vurdurmaq olar?! Beləliklə, anafilaktik şok olanda xəstəni ev şəraitində vəziyyətdən çıxarmaq olmur və xəstə dünyasını dəyişir. Hətta xəstəxanada xəstə antibiotikdən anafilaktik şok keçirə bilir, nəinki evdə. Buna görə də antibiotiklərin reseptsiz şəkildə apteklərdə satılması yolverilməzdir, böyük təhlükədir. Tez-tez antibiotiklərin yaratdığı problemlər haqqında eşidirik. Lakin bununla bağlı heç bir tədbir görülmür, çünki antibiotiklərlə bağlı ölkəmizdə qayda-qanun yoxdur. Halbuki dövlət dərmanların dövriyyəsinə çox ciddi nəzarət etməli, qaydaları tənzimlənməlidir".

Diqqət: Antibiotiklərin dəhşətli fəsadları

Bir qədər də antibiotikin tarixi haqda...

Antibiotik yunan sözü olub, antibioc sözündən götürülüb, “mikrob və bakteriyalara qarşı” deməkdir. Antibiotiklər təbii və yarımsintetik olan, yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəyli maddədir. Çox az miqdarda digər mikroorqanizmlərə seçici toksik təsir göstərmək qabiliyyətinə malikdirlər. Ali bitkilərin və heyvanların bəzi toxumalarında sintez olunan maddələr də antibiotik təsirə malikdir. Bu maddələr balatı kifində və başqa kiflərdə olur, bakteriyalar, aktinomiset kimi mikroorqanizmlər tərəfindən ifraz edilir. Bundan əlavə, onlara bəzi heyvan toxumalarında və bitkilərin bəzi orqanlarında da rast gəlinir. Soğan, sarımsaq kimi bitkilərdə rast gələn və fitonsidlər adlanan antibakterial maddələri də antibiotik maddələr sinfinə daxil etmək olar.

İlk antibiotik olan pensilin 1929-cu ildə Aleksandr Fleminq tərəfindən kəşf edilib. Belə ki, o, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar edib. “Antibiotik” terminini isə çox sonralar - 1942-ci ildə ilk dəfə Zelman Vaksman işlədib. Aleksandr Fleminq təcrübələr apararkən müşahidə edir ki, içərisində xəstəliktörədici stafilokokk mikrobu olan “Petri çaşkalararı”nın birindəki mikrob kulturasında yaşıl pensil koloniyası böyüyür, onun yaxınlığındakı stafilokklar isə yox olur. Fleminq bunun əsasında kiflərin stafilokokları dayandıran bir maddə ifraz eləməli olduğunu nəticəsini çıxardı . O vaxt hələ saf halda alına bilməyən bu maddəni o, pensilin adlandırmışdı. Artıq 1940-cı ildə yeni dərman tibdə geniş tətbiq olunmağa başlayır. Bu günə qədər 4 mindən çox antibiotik kəşf olunub. Amma hazırda onlardan cəmi 60-ı istifadə olunur.

Çox antibiotik qəbul edən insanda nə baş verir - Ens.az - 4 dildə xəbərlər  və ensiklopediya, ən son xəbərlər, en son xeberler

Antibiotiklə səhv müalicə 10 milyon insanın ölümünə səbəb ola bilər...

ÜST xatırladır ki, antimikrob preparatlardan sui-istifadə dərmanlara davamlı ştamların yaranmasını sürətləndirir, bu da infeksiyaya qarşı mübarizəni getdikcə çətinləşdirir. Başqa bir araşdırmanın nəticələri görə ABŞ-da hər il 6 mindən çox insan antibiotiklərin təsirinin azalması səbəbindən ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50 faizi düzgün təyinatla istifadə olunmur, buna görə insan bədənində antibiotiklərə qarşı rezistentlik artmaqda davam edir. Çox vaxt antibiotiklər viral infeksiyaların müalicəsi üçün təyin edilir. Antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsində kömək edir.

ÜST həmçinin qeyd edib ki, antibiotiklərdən sui-istifadə təhlükəli davamlı bakteriyaların yayılmasına səbəb olur. Bu baxımdan virus infeksiyalarının müalicəsində yalnız bakterial ağırlaşma olarsa, antibiotik istifadə etmək məqsədəuyğundur.

Amerika və ingilis alimlərindən ibarət bir qrupun apardığı tədqiqatlara görə, çox aparılan antibakterial müalicə kolon xərçənginə səbəb ola bilər. Alimlər 1989-2012 -ci illər arasında kolon xərçəngindən əziyyət çəkən xəstələrin məlumatlarını araşdıraraq, onlar arasında uzun müddət antibiotik qəbul edən xəstələrdə bu riskin digərlərinə görə 17 faiz daha çox olduğu qənaətinə gəliblər.

Antibiotiklərdən sui-istifadə hallarının gətirib çıxardığı təhlükəli vəziyyətlərdən biri də mikrobların antibiotiklərə qarşı rezistentliyidir. Bu zaman təhlükəli və müalicəyə tabe olmayan ştamlar yarana bilər. ÜST-in hesablamalarına görə, köhnə müalicə metodlarının dərman rezistentliyi vəziyyətində yaranan xəstəliklər 2050-ci ilə qədər ildə əlavə 10 milyon insanın ölümünə səbəb ola bilər.

Hər il noyabr ayının sonunda Antibiotiklərin Düzgün İstifadəsi üzrə Dünya Həftəsi keçirilir. Son hesabata görə, hər il təxminən 700 min insan davamlı bakteriyaların yaratdığı xəstəliklərdən ölür. ÜST hesab edir ki, əgər tədbirlər görülməsə, 2050-ci ilə qədər rezistent bakteriyalar on milyona yaxın insanı öldürəcək.

“Yeni Müsavat”