Şagirdləri belə aldatdılar

10 İyun 2013 13:38 (UTC+04:00)



Aprel ayından başlayaraq MEGAFUN əyləncə mərkəzi şagirdlərdə təhsilə marağın stimullaşdırılmasına dəstək olmaq məqsədilə "MEGAFUN-lı Əlaçı" adlı aksiyaya start verib.

MEGAFUN-un rəsmi saytında (megafun.az) yerləşdirilən elana əsasən aksiya çərçivəsində "İlin əlaçısı" il boyu əlaçı olan şagirdlərə həftə içi saat 10.00-dan 21.00-dək bir gün boyunca MEGAFUN-da ödənişsiz əylənmək, 4 nəfərlik nahar yeməyi, avtodayanacaq xidmətindən istifadə və xüsusi hədiyyələrlə təmin edilməli idi.


MEGAFUN-un 922 saylı nömrəsinə kampaniyanın hansı müddətədək davam edəcəyini dəqiqləşdirmək üçün zəng edən valideynlərə aksiyanın iyun ayının sonunacan davam edəcəyi bildirilib. Onu da qeyd edək ki, xidmət səviyyəsinin ölçülməsi məqsədilə MEGAFUN-a olunan zənglərin hamısı qeydiyyata alınır.

AzNews.az-a verilən məlumata görə, KİV-də heç bir xəbərdarlıq olunmadan "İlin əlaçısı" kampaniyası 06.06.2013-cü il tarixdə səbəbsiz dayandırılıb. MEGAFUN-a üz tutan şagirdlərə isə artıq kampaniyanın başa çatdığı bildirilib. Halbuki, saytda yerləşdirilən elanda aksiyanın nə zamandək davam edəcəyi haqda məlumat yerləşdirilməyib. Səbəb kimi isə 6 gün ərzində bu kampaniyada 10 mindən çox şagirdin iştirak etdiyi və rəhbərliyin bu qədər şagirdin əylənməsinə vəsait ayırmağı nəzərdə tutmadığı göstərilib. Aksiyanın deyilən vaxtdan əvvəl başa çatdırılmasının qanunsuz olduğunu söyləyən valideynlərə isə MEGAFUN rəhbərliyinin daxili əmri əsasında istənilən dəyişilik edə biləcəyi deyilib. Onu da qeyd edək ki, aksiyada əlaçı şagirdlərin əksəriyyətinə vəd edilən hədiyyələr və 4 nəfərlik şam yeməyi verilməyib.

Bahar Rüstəmli
AzNews.az