Vobayın gələcək karyerası sual altındadır

10 İyun 2013 14:06 (UTC+04:00)
Bir neçə gün öncə J. Vobayın "Neftçi"də qalıb-qalmayacağı ilə bağlı klubun rəsmi mövqeyini diqqətinizə çatdırmışdıq. Bu gün qaradərili futbolçunun Yunanıstan klublarının birinə keçdiyi barədə məlumatlar yayıldı.

Xəbəri yayan saytlar "wikipedia" səhifələrinə istinad edirdilər ki, bu da anlaşılan deyil. Belə ki, "wikipedia" açıq ensklopediyadır və ora istənilən şəxs əlavə və dəyişikliklər edə bilər. Başqa sözlə, yayılan məlumatın heç bir əsası yox idi.

Gün ərzində yayılan digər bir xəbərdə isə bildirilirdi ki, Vobay artıq BATE ilə anlaşıb. Yenə də eyni mənbəyə istinad edilməsi məsələnin mahiyyətini ortaya qoyurdu.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxladıq və Gündüz Abbaszadə adıçəkilən transfer məsələsi ilə bağlı rəsmi məlumatın olmadığını bildirdi. Əlbəttə, Vobay artıq azad agent statusuna malikdir, amma çox güman ki, futbolçu hansısa kluba keçəcəyi halda bundan ilk olaraq "Neftçi" rəsmilərini xəbərdar edəcək.

Elvin
AzNews.az