“Bu məsələ rəsmi Ankaranı qıcıqlandırıb”

18 Yanvar 2021 12:40 (UTC+04:00)

“Türkiyə rəsmilərinin Moskva görüşündən dərhal sonra Putin və Lavrovla telefon danışıqları, onun nəticəsinin Rusiya və Türkiyə rəsmiləri tərəfindən fərqli şəkildə şərh edilməsi onu göstərir ki, Moskvanın Türkiyəni Cənubi Qafqaza buraxmaq istəməməsi rəsmi Ankarada ciddi şəkildə qıcıq yaradıb”.

Bu sözləri AzNews.az-a açıqlamasında Türkiyə rəsmilərinin Moskva görüşündən sonra səsləndirdiyi fikirlərə münasibət bildirən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfini də narahat edən əsas məsələlərdən biri sülhməramlıların gələcəkdə buranı tərk etməsi və onların öz funksiyalarını düzgün şəkildə yerinə yetirməsidir:

“Biz görürük ki, sülhməramlılar ermənilərə ciddi şəkildə humanitar yardımlar edirlər. Lakin onların ilk vəzifələri erməni silahlılarının bölgədən çıxarılmasıdır. Təbii ki, Laçın dəhlizi və Şuşa ətrafında baş verənlərlə bağlı da müəyyən suallar var. Türkiyə prezidenti Ərdoğanın sülhməramlılar və birgə Monitorinq Mərkəzi olmadan Azərbaycanda ermənilərlə birgə yaşamalıdırlar kimi fikri də əslində bizim istəyimizin nəticəsidir. Çünki Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi, eyni zamanda ermənilərlə Azərbaycanlıların birgə yaşayışı bir müddət sonra bizim də əsas hədəflərimizdən biridir. Eyni zamanda Türkiyə Xarici İşlər naziri Çavuşoğlunun da Laçın dəhlizi Azərbaycanın nəzarəti altında olmalıdır fikri də önəmlidir. Çünki Laçın da, Kəlbəcər də, Xankəndi də Azərbaycan torpaqlarıdır. Digər tərəfdən, Ərdoğanın Minsk qrupu ilə bağlı çağırışı bir qədər fərqli mövqeni ortaya qoyub. Əgər əvvəllər Rusiya ilə birgə münaqişəni həll edəcəklərini bildirirdisə, bu dəfəki bəyanatda Ərdoğan Minsk qrupunun da münaqişənin həll olunmasına çağırır. Bu isə o deməkdir ki, Rusiyaya ismarıc göndərir”.

Zaur Məmmədov əlavə edib ki, ümumiyyətlə, həm Ərdoğanın, həm Çavuşoğlunun bəyanatları Rusiyaya olan etirazın diplomatik yolla bildirilməsidir: “Mən düşünürəm ki, gələcək günlərin əsas diskusiya məsələsi də elə Türkiyənin Rusiya ilə bağlı səsləndirdiyi fikirlər olacaq. Türkiyənin razı qalmadığı məsələlərin aradan qaldırılması istiqamətində dioloqu intensivləşdirəcəklər. Hər bir halda biz 44 günlük müharibədə Azərbaycanının təkləndiyinin şahidi olduq. ATƏT-in həmsədr ölkələri BMT təhlükəsizlik şurasında iki dəfə Azərbaycana qarşı ciddi qətnamələr edə bilərdilər. Həmçinin Azərbaycan 3-cü dövlət tərəfindən hərbi təhdidlə üz-üzə qalmışdı. Bütün bunların fonunda Türkiyənin Azərbaycan üçün etdiklərini biz heç vaxt yadımızdan çıxartmayacağıq və bölgədə Türkiyə-Azərbaycan hərbi, iqtisadi, siyasi birliyi bu gündən sonra daha da möhkəmlənəcək. Türkiyə və Azərbaycan arasında birgə təlimlər keçiriləcək ki, bu da çox vacib amillərdən biridir”.

Səidə

AzNews.az