Nazirlik Zəfər muzeyinin yaradılması ilə bağlı müraciət etdi

18 Yanvar 2021 17:15 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq.

AzNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb:

“Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik”.

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a

Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32

Səidə

AzNews.az