Ötən il 26 mindən çox cinayət törədilib

18 Yanvar 2021 19:21 (UTC+04:00)

2020-ci ildə ümumilikdə 26.004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

AzNews.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.

O da qeyd olunub ki, 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.