"Musavat.com": Ermənistanı fəlakət girdabından çıxmağa qoymayanlar

19 Yanvar 2021 09:30 (UTC+04:00)

Müzəffər Azərbaycan Ordusunun cəmi 44 günə işğalçı yarlığından məhrum elədiyi Ermənistanda kapitulyasiya sonrası situasiya mürəkkəb olaraq qalır. Əfsuslar olsun ki, bəzi xırda istisnalarla, bütövlükdə erməni toplumu hələ də savaşda başına gələnlərdən doğru-düzgün nəticə çıxarana oxşamır. Hakimiyyətdə və müxalifətdə kök salmış avantüristlərin, eləcə də ictimai rəyə təsir imkanını saxlayan yerli media və ekspert camiyəsinin burnundan uzağı görməyən mənsubları, həmçinin də allahsız din xadimləri bu bədbəxt xalqı yeganə düzgün seçimi etməyə qoymur, onu Azərbaycan və Türkiyəyə qarşı qızışdırmağa, qonşulara qarşı nifrəti körükləməyə davam edirlər.

O seçim ki, Ermənistan və onun əhalisini yüzdə yüz inkişafa aparacaq qurtuluş sayılır. Əlbəttə ki, bütün qonşularla heç bir ərazi iddiası irəli sürmədən dinc-yanaşı yaşamaq yolunu nəzərdə tuturuq. Söhbət vaxt itirmədən Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-ticari, humanitar-mədəni əlaqələrin qurulmasından gedir. Zaman-zaman yazdığımız kimi, Ermənistan müstəsna olaraq bu iki qonşu dövlətin, həm də sülhpərvər dövlətin sayəsində ayağa qalxa, erməni əhalisi məhz onların köməyi ilə nəhayət, normal güzərana və təhlükəsiz həyata qovuşa bilər...

*****

Təəssüf ki, qonşu xalq hələ ki bu dərkdən yetərincə uzaqdır. Artıq vurğulandığı kimi, ən əvvəl də onu Azərbaycana qarşı revanşa səsləyən təxribatçı qüvvələrin meydan sulaması nəticəsində. Onlardan biri də 17 partiyanın baş nazir Nikol Paşinyana qarşı vahid namizəd kimi irəli sürdüyü keçmiş hökumət rəhbəri, “Vətəni xilas hərəkatı”nın başçısı Vazgen Manukyandır - Dağlıq Qarabağda separatçı hərəkatın başında duranlardan biri. O hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayır.

“Əgər ordumuz (işğalçı Ermənistan ordusu - red.) müharibəyə hazır olsaydı, biz möhkəm mövqelərə sahib olardıq”.

"Biz

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Manukyan Vanadzorda keçirdiyi görüşdə səsləndirib. Azərbaycan Ordusunun gücünü, vurduğu “dəmir yumruğun” mənbəyini hələ də düz-əməlli anlaya və hesablaya bilməyən Manukyanın iddia edir ki, “hətta ən əlverişsiz şərtlərdə belə səfeh əmrlər verilməsəydi, orduda qayda-qanun, fəaliyyətin düzgün koordinasiyası qurulsaydı, o halda erməni qüvvələrin bu qədər itkiləri olmazdı”.

“Savaş başladıqdan bir neçə gün sonra onun bizlər üçün pis istiqamətdə getdiyi aydın olduqda artıq müharibəni dayandırmaq lazım idi” - Manukyan deyib. Onun ehtimalına görə, noyabr 10-da əldə olunan üçtərəfli razılaşma sənədini ermənilərin xeyrinə dəyişdirmək mümkün imiş, lakin bununla bağlı heç bir siyasi danışıqlar aparılmayıb.

“Biz ordumuzu itirdik, indi onun yalnız qalıqları mövcuddur. Biz milyard dollardan çox silahdan məhrum olduq, nəhəng iqtisadi itkilərə məruz qaldıq”, - deyə o qeyd edib. Manukyanın fikrincə, kommunikasiyaların və yolların açılması Ermənistandan çox Azərbaycan və Türkiyəyə fayda verəcək. “Azərbaycanlılar demək olar ki, 10 milyon nəfərdirlər. Biz isə ildən-ilə azalırıq. Bunun sayəsində türklər Ermənistanı dolduracaqlar və biz yenidən dövlət yox, məskunlaşma məntəqəsinə çevriləcəyik. Əlbəttə, müəyyən zaman keçdikdən sonra Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək olar. Lakin bu yalnız mövqelərin möhkəmləndirilməsindən sonra mümkündür. Əks halda, biz Ermənistanı itirəcəyik”, - deyə o, ermənisayaq “ağlaşmasını” davam etdirib.

Vazgen Manukyan “mövqelərin möhkəmləndrilməsindən sonra” deyərkən heç şübhəsiz, dolayısıyla Bakı və Ankara ilə əlaqələrin bərpası əleyhinə olduğuna işarə edir. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı revanş üçün dirçəlmək fürsəti əldə eləməyi nəzərdə tutur. Çünki Manukyan da daxil, erməni siyasi xadimlərinin mütləq əksəriyyəti, həmçinin hakimiyyətdəkilərin əksəriyyəti günü bu gün də Dağlıq Qarabağı erməni torpağı sayır, müharibədəki məğlubiyyəti isə həyasızcasına “torpaq, vətən itkisi” adlandırırlar. Bu zaman nədənsə unudurlar ki, “odla oynamağa” davam eləmək Ermənistan və onun xalqını daha böyük faciələrə tuş edə bilər.

*****

Александр Разуваев: 10 млн — это не те цифры, которые ожидались

Aleksandr Razuvaev

“Revanş cəhdi Ermənistan dövlətinin dünya xəritəsindən yox olmasına gətirə bilər”. “Yeni Musavat”ın məlumatına görə, bunu rusiyalı avrasiyaçı və iqtisadçı ekspert Aleksandr Razuvaev Vesti.az-a bildirib.

“Ermənistanda və Rusiyadakı erməni diasporunun təmsilçiləri arasında revanşdan çox danışılır. Ancaq qüvvələr nisbətinə nəzər salanda birmənalı şəkildə Ermənistanın qisas almaq gücündə olmadığı qənaətinə gəlmək olar”, - deyə o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, 11 yanvar Moskva görüşü əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsini fiksə edib və artıq nə Rusiya, nə də Fransa Ermənistanın maraqları uğrunda döyüşməyəcək.

“Azərbaycan Prezidenti İlham Əliyevin haqlı qeyd etdiyi kimi, müharibə artıq keçmişdə qalıb. Savaşı Azərbaycan uddu və Moskva sammiti bunu qəti olaraq təsbit elədi”, - deyə Razuvaev bildirb və vurğulayıb ki, Moskva görüşü əvvəllər əldə olunmuş razılaşmaların yerinə yetirilməkdə olduğunu göstərmiş oldu.

Fikrinə davam edən ekspert deyib: “Bu gün nə Rusiya, nə də Fransa Ermənistanın maraqları uğrunda mübarizə aparacaq. Ermənistanın özü hazırda hərbi və iqtisadi cəhətdən çox zəifdir. Üstəlik, çox ciddi sınaqlar qarşısında xalqın birliyi yoxdur”, - deyə o diqqətə çatdırıb.

Rusiyalı ekspert münaqişə bitdikdən sonra iqtisadiyyat və infrastrukturun bərpası məsələlərinin ön plana çıxdığı qənaətindədir: “Bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin önünün açılması vəzifəsi xüsusilə diqqətəlayiqdir. Rus sülhməramlıları Laçın dəhlizi vasitəsilə Qarabağla Ermənistan arasında əlaqənin təhlükəsizliyini təmin edir. Bundan əlavə, razılaşmalar Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizinin açılmasını nəzərdə tutur. Həmin dəhlizin təhlükəsizliyi Ermənistan ərazisində yerləşən Rusiya FSB-nin sərhədçiləri tərəfindən təmin ediləcək. Bakı bu dəhliz vasitəsilə Naxçıvan üzərindən onu birbaşa Türkiyə ilə birləşdirəcək bir dəmir yolu çəkməyi planlaşdırır”.

Rusiyalı avrasiyaçı həmçinin geostrateji olaraq Dağlıq Qarabağın bütün Türk dünyası üçün vacib bir element olduğunu bildirib: “Çünki bu ərazi müəyyən nəqliyyat imkanları yaradır, Türk dünyasını tam mənada bir-birinə bağlayan logistik yolun davamıdır. Təəssüflər olsun ki, Ermənistanda hələ də siyasi ambisiyalar iqtisadi sağlam düşüncədən üstün tutulur. İqtisadi baxımdan İrəvanın Azərbaycanla beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıması və Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması doğru olardı. Özünütəcrid siyasəti ilk növbədə İrəvan iqtisadiyyatına ziyan vurur. Peyvəndləmə, pandemiyanın sona çatması və beynəlxalq turizmin bərpası Ermənistana şans yaradır, lakin siyasi səbəbdən yəqin ki, bu şans əldən veriləcək” .

Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı planlarından danışan iqtisadçı bildirib ki, Bakının Dağlıq Qarabağın bərpası üçün kifayət qədər pulu olacaq. “Peyvəndləmə - pandemiyanın sonu, tənəzzülün başa çatması və neftə tələbatın artması deməkdır. OPEC-in son proqnozuna görə, neftə ümumi qlobal tələb 2020-ci ildəki gündəlik 89,9 milyon barelə qarşı 2021-ci ildə 95,89 milyon barel təşkil edəcək. Düşünürəm ki, bazar İran neftini ”həzm edəcək". 2021-ci ildə bir barel üçün 60-70 dollara oriyentasiya edilir", - deyə ekspert sonda əlavə edib.

*****

Göründüyü kimi, xarici analitiklər də Ermənistanı israrla yeganə doğru seçimi eləməyə səsləyir, əks təqdirdə, xəbərdarlıq edirlər ki, tarixi şansın buraxılması dünyadakı yeganə simvolik (həm də saxta) erməni dövlətinin dünya xəritəsindən yox olmasına gətirə bilər.

Əlbəttə, belə vəziyyətdə, yəni kapitulyasiya və tam iflasla bitən müharibədən sonra istənilən məğlub xalq ilk növbədə blokadadan, qonşular və dünya tərəfindən lənətlənməkdən qurtulub, xam xəyalları kənara qoyub, iqtisadi dirçəliş barədə düşünər, nəinki hərbi gücünü bərpa eləmək haqda siyasi şarlatanların illüziyalarının əsirinə çevrilər. Acından ölən, yeməyə çörək tapmayan ermənilər bu xüsusda gerçəkdən də unikal toplum hesab oluna bilər. Özləri bilər, allahsız katolikosları bilər. Ancaq seçim üçün zaman getdikcə daralır...

"Yeni Müsavat",

Siyasət şöbəsi