“Milli Şuranın tərkibi elan olunanda məni gülmək tutdu“

10 İyun 2013 15:36 (UTC+04:00)



Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müsahibə verib. AzNews.az saytı modern.az-a istinadən həmin müsahibəni sizlərə təqdim edir.

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilən V qurultayında qəbul edilən bəzi qərarlar siyasi gündəmi dəyişdi. Belə ki, partiyaya yeni sədr müavinlərinin seçilməsindən tutmuş İdarə Heyəti və Siyasi Şurada edilən dəyişikliyə qədər bir çox məsələlər ciddi rezonans doğurdu. Azərbaycanın birinci xanımı da daxil olmaqla digər tanınmış YAP-çıların sədr müavini seçiləcəyi əvvəlcədən bəlli idimi? Bu dəyişiklik nə ilə bağlıdır: partiyanın nüfuzunu gücləndirmək üçün, yoxsa başqa siyasi məqsədlər var?


- Qeyd edim ki, qurultayda struktur dəyişikliyi olmadı. YAP-ın strukturu necə idi, elə də qaldı. Sadəcə olaraq seçkili orqanlarda bəzi dəyişikliklər edildi. Bu da Siyasi Şuranın, İdarə Heyətinin və sədr müavinlərinin seçilməsindən ibarətdir. Qurultayın əvvəlcədən də qeyd etdiyimiz kimi, əsas qərarı prezidentliyə namizədin irəli sürülməsi idi.

Bilirsiniz ki, sədr müavinləri əvvəldən də var idi. Keçmiş qurultayımızda da sədr müavinləri seçilmişdi. Sadəcə sonradan diplomatik fəaliyyətlə bağlı, eləcə də başqa səbəblərdən 3 sədr müavini yeri boşalmışdı. O baxımdan onların yerinə yeni 3 sədr müavini seçildi. Burada başqa məqsəd yoxdur.


- Artıq YAP-da 4 sədr müavini var. Onlar arasında hər hansı bölgü aparılıbmı?


- Partiyanın qərarlarının qəbul olunmasında təbii ki, sədr müavinlərinin mühüm rolu var. Yenə də icra mexanizmi ilə icra katibliyi məşğuldur. Burada da bölgü aparılıb artıq. Bir sözlə, hərə öz üzərinə düşən işi icra edəcək.

- Diqqət çəkən məqamlardan biri də Misir Mərdanov, Şahlar Əsgərov kimi qocaman partiya funksionerlərinin rəhbərlikdən uzaqlaşırılması idi. YAP-ın quruculuğundan xidmətləri olan həmin insanların İdarə Heydərindən kənarlaşdırılması nə ilə bağlıdır?

- Onlar indi Siyasi Şuranın üzvüdürlər. Sadəcə olaraq İdarə Heyətindən kənarlaşdırılıblar. İdarə Heyətində də lazımı dəyişikliklər edildi. Onların yerinə yeni insanlar cəlb olundular.

Yeni Azərbaycan Partiyası daim partiya strukturlarında yerdəyişmələr edir. Burada qeyri-adi bir şey yoxdur. Hər qurultayda bizdə bu cür hallar olub. Bu da bilavasitə sədrin səlahiyyətinə aid olan məsələdir. Yəqin ki, partiya üçün belə daha xeyrli olacaq.

- İcra katibinin müavinlərinin sayı nə üçün 3-dən 2-yə endirildi...

- İcra katibinin müavinləri çoxdan 2 nəfər idi. Çünki Bahar Muradova parlamentə sədr müavini seçildikdən sonra İcra Katibliyindəki fəaliyyətinə xitam verilmişdi. İcra Katibliyi daimi ştatlıdır. İki yerdə fəaliyyət göstərmək mümkün deyil. Bu baxımdan qurultayda bu məsələyə baxıldı və icra katibinin müavinlərinin sayı 2-yə endirildi.

- Bir məsələ də maraqlıdır, Yeni Azərbaycan Partiyası adından kimlərə danışmaq ixtiyarı verilib. Hər partiya üzvü YAP adından danışa bilərmi? Bu istiqamətdə prezident qurultayda hansı tapşırıqlar verdi?

- Təbii ki, kimin partiya adından danışacağı bəllidir. Qeyd edim ki, partiya adından partiyanın sədri, sədr müavinləri, icra katibi və onun müavinləri danışmaq hüququna malikdirlər. Qalan strukturlar da qərarverici orqandır. Tutaq ki, YAP üzvü olan deputatlar partiya üzvü kimi partiyanın siyasətini müdafiə etməlidir, amma partiya adından danışmaq iqtidarında deyillər. Konkret partiyanın həyatı ilə bağlı partiya adından bəyanatı sədr, sədr müavinləri və icra katibliyi verə bilər. Qalanları öz fikrini bildirə bilərlər, amma rəsmi partiya mövqeyindən çıxış etmək səlahiyyətində deyillər.

- Artıq qurultayınızı da keçirdiniz, partiya olaraq namizədiniz də bəllidir. Bundan sonra qarşıda hansıı planlarınız var. YAP-ın seçki strategiyasında dəyişiklik olacaqmı?

- Planlarımız bəllidir. Partiya sədri qurultayda çıxışında qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar qoydu. Bu il seçki ilidir. Seçkilərə hazırlaşırıq. Seçki proqramımız hazırdır. Bu istiqamətdə işlər gedir. Rayonlarda görüşlərimizi davam etdirəcəyik. Bununla bağlı qrafiklərimiz də hazırdır. Bu səpkidə seçkilər elan olunana qədər davam ediləcək. Seçki elan olunduqdan sonra partiyanın bütün strukturları hazır vəziyyətə gətiriləcək.

- YAP-ın qurultay keçirdiyi gün Milli Şura da ilk iclasını keçirdi. Siz həmin gün namizədinizi elan etdiniz, onlar da özlərinə sədr seçdilər. Nə üçün iki əsas rəqib düşərgənin mühüm tədbiri eyni günə salınmışdı?

- Biz əvvəlcədən elan elədik ki, iyunun 7-si qurultayımızı keçirəcəyik. Onlar da bizə baxıb iclaslarını ayın 7-nə saldılar. Müxalifət özünü bizə oxşatmaq istədi. Guya ki, Milli Şura Yeni Azərbaycan Partiyasına alternativ qurum olacaq. Bu insanların yaratdığı şura YAP-ın ən kiçik təşkilatına belə, alternativ ola bilməz.

- Yəqin ki, Milli Şuranın siyahısı ilə tanışsınız...

- Mən Milli Şuranın siyahısına baxanda gördüm ki, bunlar nə vəziyyətdədirlər. Hər partiyadan 6-7 nəfər, köşə yazarı, işdən qovulmuş vəkil və başqa nə qədər əhəmiyətsiz adamlar var yığıblar ora. Milli Şuranın tərkibi elan olunanda məni gülmək tutdu. Gör bunlar nə gündədirlər, nə vəziyyətdədirlər. Orda yığılan adamlara heç öz partiyalarında da hörmət qoyulmur. Bunlar gör nə gündədirlər ki, ordan-burdan yığılmış bir dəstədən kömək gözləyirlər. Heç özlərinə gün ağlaya bilmirlər, cəmiyyətə necə kömək olacaqlar?

- Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olması istiqamətində ciddi müzakirələr də gedir. Sizcə, YAP-ın əsas rəqibi Rüstəm İbrahimbəyov ola bilər?

- Rüstəm İbrahimbəyovun namizədliyi qəbul olunmayacaq. İstər Əli Kərimli olsun, istərsə də İsa Qəmbər olsun, onlar heç vaxt bir-birlərini qəbul etməyiblər. Onlar vahid namizəd məsələsində də bir qərara gələ bilməyəcəklər. Bu insanlar öz maraqlarından başqa, heç nəyi düşünmürlər. Hətta öz partiyalarında hörməti itiriblər. Seçkiyə başlamağa iki ay müddət qalır, hələ bunlar namizəd müəyyənləşdirə bilməyiblər.

- Uzun illərdir siyasətlə məşğul olan müxalifət liderlərinin indi Rüstəm ibrahimbəyov kimi mədəniyyət xadiminin ətrafında birləşməsi, onu özlərinə sədr seçməsi nədən xəbər verir? Sizcə, İbrahimbəyovun ətrafında birləşməyin görünməyən tərəfləri nədir?

- Bu sadəcə olaraq şoudur. Onlar gözləyirlər ki, Rüstəm İbrahimbəyov ordan-burdan bir az pul tapıb gətirsin. Yenə deyirəm, bu insanlar guya, Milli Şurada birləşiblər. Halbuki, ora yığışanların hamısının məqsədi şəxsi maraqlarını güdmək və Rüstəm İbrahimbəyovdan pul qoparmaqdır. Dövlətin, millətin maraqları onların vecinə deyil. Bəziləri hətta lazım gəlsə, 5 qəpiyə Vətəni də satarlar.

AzNews.az