Ukraynalı səfir 20 Yanvar qurbanlarını yad etdi

20 Yanvar 2021 18:11 (UTC+04:00)

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski 20 Yanvar faciəsi qurbanlarını yad edib.

AzNews.az-ın xəbərinə görə, səfir qeyd edib ki, hər bir ölkənin tarixində faciəvi səhifələr var:

“Hər il yanvarın 20-si minlərlə azərbaycanlı sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanla yatırılması aktı olan “Qanlı Yanvar” hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir.

Həmin gün Bakı sakinləri sovet tankları və atışmaların səsinə oyandı, lakin nəticədə, bütün xalqın azadlıq arzusu oyandı. Bu azadlıq istəyi qan bahasına başa gəldi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını və Azərbaycanın digər bölgələrini mühasirəyə alan sovet qoşunları 147 mülki şəxsi öldürdü, bir çoxu əlil olan 744 günahsız insanı yaraladı və 400 nəfəri qanunsuz olaraq həbs etdi.

Bu, Moskvanın Sovet İttifaqının dağılmasının qarşısını almaq cəhdinin bir hissəsi idi. Lakin repressiv tədbirlər müstəqillik hərəkatını daha da gücləndirdi və Azərbaycan əhalisinin əksəriyyəti öz vətəndaşlarına silah tuşlamış qanlı bir imperiya olan Sovet İttifaqının tərkibində qala bilməyəcəklərini anladılar.

Tezliklə azərbaycanlılardan sonra başqaları da ayağa qalxdı: Litvadakı Sayudis, Ukraynadakı Xalq Hərəkatı, Estoniyadakı Xalq Cəbhəsi. Beləliklə, SSRİ dağılaraq xalqlar azad oldu.

Başınız sağ olsun, unutmadıq”.