“Taksim Cümhuriyyəti”
10 İyun 2013 18:25 (UTC+04:00)
Ünal Çeviköz Türkiyənin Britaniyadakı səfiri olaraq beynəlxalq dairələrin Türkiyə içindəki hadisələrə yaxından müdaxiləsinə kəskin bir dillə etiraz edib. "Rubikonu keçmək" ifadəsi qərblilərə yaxşı tanışdır.
Sən demə qədim romalılardan qaynaqlanan bu istilah "qırımızı xətti" tapdalamaq mənasına gəlir. Lakin ölkə içində proseslərin kəskinliyini və xalqın emosional ovqatını yalnız xarici amillərlə izah etmək çox yanlışdır. Çeviköz yaxşı bilir ki, Türkiyə siyasi burulğanın içinə məhz hökumətin yanlış siyasəti nəticəsində düşüb.
Fransanın "Liberasyon" qəzeti bu prosesləri və Ərdoğana qarşı artan qəzəbi "Taksim Cümhuriyyəti" adı ilə təqdim edib. Bu çox tarixi yanaşmadır. Bir çoxları elə qələmə verir ki, əslində sultanlığa çevrilən Türkiyənin yüz il əvvəldə olduğu kimi taleyi meydanlarda həll olunur. İndi küçələrə çıxacaq Ərdoğon tərəfdarları konfrontasiya ruhunu bir az da dərinləşdirməklə Yaxın Şərqdəki gərginliyi bu ölkəyə keçirəcəklər.
Sanki şahmat taxtası üzərində bir yanlış hərəkət qüvvələr nisbətini dəyişmiş oldu. Ərdoğanın partiya başçısı statusunda hiddətli tövrü Onu millət başçılığından salır, tarixi roluna zərbə endirir və gəncliyin-etirazçı kütlənin xeyrinə işləyir. Onlar Taksimə hətta düşmənlərini belə cəlb edəcəklər ki, Ərdoğanı özləri ilə hesablaşmağa vadar etsinlər.
İndiki müqavimətin siyasi şüarları onda büsbütün dəyişəcək və hökumət başçısının istefa çağırışları ilə tamamlanmış olacaq.
MHP Musatafa Kamalla yanaşı dalğalanan Öcalanın portretlərinə baxaraq bunu PKK və ya solçu təşkilatların təxribatları saysa da fakt odur ki, iqtidar səhv edəndə ən radikal və barışmaz qütblər bir araya gələ bilir. Deməli, dünənədək onları parçalayıb idarə etmək üçün yararlı siyasi alətlər əldən çıxıb.
Taksimdəki 8 ağac Potyomkinin zirehli gəmisində fəhlə üsyanlarının vəsiləsinə bənzəyir. Lider xalqdan gələn impulsları əldən buraxanda Cümhuriyyətin ruhu binalardan çıxıb meydanlarda dolaşmağa başlayacaq. Dövlət Atatürkü kabinetlərdə deyil, xalq sevgilərində yenidən yaşayır və sahib durmağa məhkumdur...
Sanki yüz ildən sonra Mustafa Kamalın ruhunun dirçəlişi və yenidən iqtidara gəlişidir. Təməl daşları tərpədib dövlət binasında rahat oturmaq olmaz!
AzNews.az