Bələdiyyə sədri uşaq qatili oldu - ŞOK

10 İyun 2013 19:16 (UTC+04:00)


"Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və onun müavini Söhbət Məmmədovun ailəmizə etdiyi hücum və həyat yoldaşımı döyməsi nəticəsində ana bətnindəki övladımızı itirmişik".

Bu iddia ilə Masazır kənd sakini Razi Paşa oğlu Qocayev "AzNews.az"a müraciət edib. R.Qocayevin sözlərinə görə, 2013-cü il martın 11-də Masazır bələdiyyəsinin sədri və müavini onun evinə gəlib və ailəsinə qarşı zor tətbiq ediblər. Fiziki təzyiqə məruz qaldığı üçün xəsarət alan hamilə həyat yoldaşını təcili olaraq xəstəxanaya çatdırsa da, bətnindəki körpəni xilas etmək mümkün olmayıb.

R.Qocayev hadisənin araşdırılması üçün rayon polis və prokurorluq orqanlarına müraciət etdiyini, istintaqın isə bu günə qədər uzadıldığını bildirir: "Abşeron prokurorluğunda başlayan araşdırma zamanı xəstəxanadan arayış da alındı, həmin vaxt zorakılığa məruz qaldığımızı təsdiqləyən məhkəmə tibbi ekspertizasından da keçirildik. Ancaq heç bir nəticə yoxdur. Müstəntiq bələdiyyə sədri Siyanfər Əliyevin nüfuzundan ehtiyat edərək, işi uzatmaqla məşğuldur".

Şikayətçi baş verən cinayət hadisəsinin ədalətli araşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də daxil olmaqla, bir sıra dövlət qurumlarına, həmçinin Ombudsman Aparatına müraciət etdiyini söyləyir: "Müraciətlərim hamısı üstü yazılmaqla Respublika Prokurorluğuna göndərilib. Onlar isə rayon prokurorluğuna qaytarıblar və rayonda da istintaq dediyim kimi, heç bir nəticəyə gələ bilmir. Əvəzində isə S.Əliyev bu işin ardınca gedəcəyim təqdirdə mənə qarşı hədələrini artırıb, ailəmə təzyiq edir"

R.Qocayev övladının qatilinin cəzalandırılması üçün bütün variantlardan istifadə edəcəyini söyləyir: "Mətbuat vasitəsilə hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edirəm. Mənə yardım etsinlər və övladımın qatilini cəzalandırsınlar".

AzNews.az