Azərbaycan mediasında “erməni gündəmi”

21 Yanvar 2021 20:59 (UTC+04:00)

Ən müxtəlif səviyyələrdə edilən xəbərdarlıqlara baxmayaraq, Ermənistanın, yaxud digər maraqlı dövlətlərin informasiya məkanından məqsədyönlü şəkildə ötürülən və əksər hallarda alt qatında ictimai rəyə təsir ismarışları yatan məlumatların internet resurslar və sosial şəbəkələr vasitəsilə ölkəmizin gündəminə daşınması davam edir. Ermənistanın baş naziri, xarici işlər naziri, yaxud digər rəsmiləri, ekspert və politoloqları... nə isə yazan və deyən kimi, dərhal Azərbaycanın internet resurlarında, sosial şəbəkələrin Azərbaycan seqmentində öz əksini tapır. Ermənistanın özündə heç bir əhəmiyyət daşımayan məlumatlar, açıqlama və bəyanatlar Azərbaycanın informasiya məkanında az qala trendə çevrilir, ətrafında müzakirələr aparılır və s. və il. Dəfələrlə olub ki, düşmən ölkənin hansısa politoloqunun, yaxud ekspertinin sərsəmləmələri ilə bizim internet resurslarında, yaxud sosial şəbəkələrdə tanış olduqdan sonra araşdırma aparmışam və bəlli olub ki, Ermənistanın informasiya məkanında belə bir şəxsin, yaxud mərkəzin adı heç vaxt “zühur etməyib”. Bəs Ermənistanla bağlı hər cür zir-zibilin Azərbaycanın informasiya məkanına aşırı bir çevikliklə daşınmasının səbəbi nədir?

Şübhəsiz ki, belə məlumatları ötürənlər onun Azərbaycanın gündəminə daşınması üçün ən müxtəlif texnologiyalardan istifadə edirlər. Məsələnin bu tərəfi aydındır.
Amma ən böyük problem Azərbaycan mediasının ölkə gündəmi ilə işləməyi, təhlil və müstəqil qərar qəbul etmək bacarıqlarını yadırğamasıdır. Burada ölkə gündəmi ilə işləməkdən yayınmaqla ehtimal olunan məsuliyyətdən uzaq durmaq cəhdləri də yox deyil. Səbəblər çoxdur, şübhəsiz və təbii ki, düşmən ölkənin və himayəçilərinin Azərbaycanın informasiya məkanının diqqətlə izlədiyini nəzərə alaraq, sadalamaqdan vaz keçirəm.
Digər tərəfdən, Ermənistanla bağlı istənilən xəbərin Azərbaycanda həssaslıqla qarşılandığı hər kəsə bəllidir. Yerli media resursları və sosial şəbəkələrin fəal iştirakçıları da bu amildən oxucu və izləyici qazanmaq üçün istifadə edirlər. Ermənistanda da bunu çox yaxşı başa düşürlər və Azərbaycanın informasiya məkanına ötürmək istədikləri ismarışlara bir az emosiya yükü və insanları qıcıqlandıra biləcək “ədviyyatları” əlavə edərək, geninə-boluna öz ölkələrinin informasiya məkanına səpələyirlər. Əsasən rus və ingilis dillərində. Daha öncə də yazmışdım, Ermənistanın informasiya məkanını diqqətlə izləyən və təhlil edənlər, çox yaxşı bilirlər ki, düşmən ölkədə eyni xəbər, yaxud digər informasiya yükü olan materiallar erməni dilində fərqli, rus və ingilis dillərində isə tamamilə fərqli təqdim olunur. Hətta Rusiya, yaxud digər ölkələrin rəsmilərinin Ermənistanla bağlı açıqlamalarının özü belə ayrı-ayrı dillərdə tamamilə fərqli məzmunda yayımlanır. Ən yaxşı halda özlərinə lazım olan hansısa fikir, yaxud məqam kontekstdən çıxarılır və ətrafında geniş müzakirələr aparılmaqla emosional təsir yükü artırılır və bu da, təbii ki, diqqəti daha çox cəlb edir.

Məsələn, Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissiyasının nümayəndələrini Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə göndərəcəyi barədə ölkəmizin informasiya məkanına ismarışlar ötürülür və dərhal məsələnin “qanunsuz səfər” tərəfi ətrafında müzakirələrə start verilir. Amma heç kim məsələnin digər tərəfinə, baş nazir Nikol Paşinyanın Azərbaycan ərazilərindəki etnik erməniləri artıq erməni diasporunun təmsilçisi kimi qəbul etdiyinə diqqət çəkmək barədə düşünmür.
Və yaxud Ermənistanın Paşinyandan daha xəstə təfəkkürlü digər nümayəndəsinin – Ara Ayvazyanın sərsəmləmələri ətrafında müzakirələr aparılır. Əslində Ayvazyan bu vəzifəyə təyin oldunduğu gündən sərsəmləyir və bu sərsəmləmələrin yeganə məqsədi təmsil etdiyi hakimiyyəti qısa müddətə də olsa təzyiqlərdən qorumaqdan, özünə gəlməsinə imkan yaratmaqdan ibarətdir. Bu baxımdan, Ayvazyanın “Arsax-marsax” barədə zingildəmələrindən təbii heç nə ola bilməz. Müharibədə darmadağın olan bir ölkənin xarici işlər naziri, ölkə daxilindəki gərginliyi azaltmaq üçün başqa nə deməlidir? İndi hər dəfə bu Ayvazyan xeylağı zingildəyəndə, onun quyruğunu qısaraq səsləndirdiklərini ölkəmizin informasiya məkanına daşıyıb ətrafında müzakirə açmalıyıq?

44 günlük Vətən müharibəsi dövründə və sonrakı bir ay ərzində Ermənistan ordusunu darmadağın etməklə yanaşı, daha bir üstünlüyə nail olmuşduq. Ermənistanın informasiya məkanını ələ keçirmişdik və müzakirə olunan mövzuların istiqamətlərini biz müəyyənləşdirirdik. İndi Ordumuzun Böyük Zəfəri qədər əhəmiyyət daşıyan bu üstünlüyümüzü yenidən əldən vermək üzrəyik və yaranmış vəziyyətin öz növbəsində digər istiqamətlərdə də problemlərin yaranmasına yol aça biləcəyi ehtimalı narahatlıq doğurur.
Ermənistanda isə cəmiyyətin paramparça olduğunu, artıq hər kəs deyir. Cəmiyyəti konsalidasiya etmək istiqamətində cəhdlər heç bir nəticə vermir. Bunu Ermənistan müxalifəti də, hakimiyyət təmsilçiləri də etiraf etməkdədirlər. Tarixdə ilk dəfədir ki, erməniliyin klassik dayaqları arasında keçilməz sədlər yaranıb və heç bir halda Ermənistan (ermənilər), erməni diasporu və kilsəsi arasında qopmuş bağların bərpasına imkan vermək olmaz.
Artıq Ermənistanda bundan sonra yola necə davam ediləcəyi, yaxud Ara Ayvazyanın sərsəmləmələrində yer alan iddiaların necə həyata keçiriləcəyi ciddi müzakirə mövzusu deyil.
Ermənistandakı real əhval-ruhiyyənin necə olduğunu isə parlamentin son iclasındakı çıxışlardan daha aydın şəkildə sezmək mümkündür.

Onlardan birini nümunə gətirim: Ermənistan parlamentinin son iclasında çıxış edən deputat Taron Simonyan Ermənistan dövlətinin yaranmasını ermənilərin ən böyük tarixi nailiyyəti olduğunu və bundan sonrakı iddiaların 100 il öncə əldə etdiklərini də itirmək təhlükəsi yaratdığını deyib. Sitat: “Böyük nailiyyətdən 100 il sonra biz yenidən öz tələmizə düşdük. İfrat dərəcədə maddiyatçı, iddialı, təkəbbürlü olduq. İnsanlığın ən böyük günahı sayılan təkəbbürü öz şüarımıza çevirdik və reallıq hissini itirdik”.
Taron Simonyan çıxış yolunu erməni insanının yenidən yaradılmasında görür. Onun qənaətinə görə, ermənilər əgər dövlətlərinin olmasını istəyirlərsə, humanizm dəyərlərini mənimsəməlidirlər.

Başqa bir nümunə: Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ənənəvi ikiüzlü, ikibaşlı bəyanatlarından sonra Azərbaycanda günahkar axtarışına çıxıldığı halda, Ermənistanda rəsmi Bakının doğru strategiyasının öz bəhrəsini verdiyini deyirlər. Məsələn, “Hayask” (Baxış) araşdırmalar mərkəzinin rəhbəri Anna Karapetyan Ermənistanın İctimai televiziyasının “Səhər xəbərləri”nə müsahibəsində Sergey Lavrovun dediklərini Azərbaycanın düzgün və aydın mövqe seçməsi ilə əlaqələndirib.
Sitat: “Sergey Lavrovun bəyanatı sübuta yetirir ki, Azərbaycan öz yanaşmalarını dəqiq və beynəlxalq ictimaiyyət üçün aydın şəkildə müəyyənləşdirib, Ermənistan isə yox. Bu gün vasitəçi ölkə Tonoyanın bəyanatını nümunə gətirərək, Ermənistanın destruktiv tərəf olduğunu deyir. Müharibədən öncə Azərbaycan hərbi bəyanatlar versə də, vasitəçilər öz açıqlamaları ilə Ermənistanın müharibəyə başladığı barədə təsəvvürləri gücləndirdilər. Azərbaycan status məsələsi ilə bağlı da 2-3 il öncə təsəvvür edilməsi belə mümkün olmayan nəticə əldə edib. Bakı status məsələsinin müzakirə edilməyəcəyini həzm etdirə bilib”.
...Bu qədər. Düşünürəm ki, Ermənistanla bağlı məlumatlar, xüsusilə də düşmən ölkənin təmsilçilərinin açıqlamaları heç bir halda olduğu kimi təqdim edilməməli, Azərbaycanın internet resurslarının və sosial şəbəkələrin Azərbaycan seqmentinin trendinə çevrilməməlidir. Bu məlumatlardan, müsahibə, açıqlama və bəyanatlardan yalnız analitik xarakterli yazılarda istifadə edilməli və məqsədimiz Azərbaycanın gündəminin Ermənistanın informasiya məkanına daşınması, əsas müzakirə mövzusuna çevrilməsi olmalıdır. Bu, təbii ki, mənim subyektiv qənaətimdir.

Elçin Mirzəbəyli