"Bütövlükdə türk dünyası üçün faydalı addım atılıb" - ŞƏRH

21 Yanvar 2021 21:26 (UTC+04:00)

"Ümumiyyətlə, Azərbaycan dövləti ilə Türkmənistan dövləti arasında tarixin bütün mərhələlərində, hətta qədim tarixdə belə, yəni, indiki dövlətlər mövcud olmadığı dönəmlərdə belə həmişə çox yaxşı, qardaş, yaxın münasibətlər olub".

AzNews.az bildirir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, əlbəttə ki, müstəqillik dönəmində də, 1991-ci ildən üzü bu yana Azərbaycanla Türkmənistan necə ki, Türkiyə ilə bir millət iki dövlət duyğusu ilə hərəkət edib, eləcə də Türkmənistanla da eyni qaydada biz bir millət iki dövlət olaraq davranmışıq.

“Biz azərbaycanlılar həmişə Türkmənistanı özümüzlə bərabər bilmişik. Əlbəttə ki, türkmən qardaşlarımız da həmişə beynəlxalq səviyyədə də, yaxud ölkə içində də Azərbaycana sayğıda qüsur etməyiblər. İndi bu Xəzər dənizində neft yataqlarının birlikdə işlənilməsi ilə bağlı, daha doğrusu karbohidrogen yataqlarının birlikdə işlənilməsi ilə bağlı ortaya çıxan bu anlaşma əlbəttə ki, sevindiricidir. Çünki, istər-istəməz biz Türkmənistan və Azərbaycan arasında inteqrasiyanın dərinləşdirilməsində maraqlıyıq. Eyni zamanda Türkmənistanın üzləşdiyi iqtisadi sıxıntıların aradan qaldırılmasına Azərbaycan həmişə tövhə veribdir və indi də verməyə maraqlıdır. Çünki, bir tərəfdən Azərbaycan bilirik ki, 44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticə etibarı ilə Azərbaycanın cənub-qərb rayonlarından keçməklə üzü Naxçıvana, oradan da Türkiyəyə yeni bir yolumuz açılır. Yəni, bu dəmir yolu, avtomobil yolu olacaq və əlbəttə ki, Türkmənistanın da bu yoldan istifadə etmək imkanları yaranır. Eyni zamanda karbohidrogen resurslarımızın birlikdə işlənilməsi və bu yol vasitəsi ilə qərbi Avropaya çıxarılması üçün yeni imkanlar yaranır. Əlavə olaraq qeyd edim ki, Bakı-Tbilisi-Qars üzərindən də Türkmənistanın Avropaya çıxması üçün Azərbaycan çox əlverişli şərtlərlə istənilən şəraiti ən yüksək səviyyədə yaradıb, təqdim etməyə həmişə hazır olub. Yəni, Azərbaycan öz qapılarını, yollarını həmişə Türkmənistan üçün açıq tutub, çünki, bunlar bizimlə qardaş dövlətdir, qardaş xalqdır. O baxımdan mən düşünürəm ki, indi atılan addımlar Azərbaycan xarici işlər nazirinin səfəri, Azərbaycan Prezidenti ilə Türkmənistan Prezidentinin internet üzərindən onlayn görüşməsi, nəticədə məlum sənədin imzalanması, ümumilikdə, ortaq hərəkətlə bağlı daha dərinləşdirilmiş addımların atılması, bütün bunlar Azərbaycanın həm də bölgədə söz sahibi olmasını növbəti dəfə təsdiqləyən məqamlardan biridir. O baximdan düşünürəm ki, həm Azərbaycan üçün, həm Türkmənistan üçün, həm də gələcəkdə bütövlükdə türk dünyası üçün çox faydalı bir addım atılmışdır. Bütün bunlar da ona görə baş verir ki, Azərbaycan dövləti, dövlətin rəhbəri Cənab Prezident İlham Əliyev həqiqətən də istər milli maraqlarımızı, istərsə də ortaq türk dünyası maraqlarını yüksək səviyyədə rəhbər tutur, onları qorumağı bacarır və əlbəttə ki, o istiqamətdə də çox ciddi addımlar atır”, deyə Azər Həsrət bildirib.