"Yeni Müsavat": Baydenin və komandasının ermənipərəstliyi Azərbaycana hansı fəsadlar verə bilər

22 Yanvar 2021 08:18 (UTC+04:00)

Sərdar Cəlaloğlu: “Baydenin hakimiyyəti dövründə Türkiyə və Azərbaycanla bağlı Amerika elə də ciddi mənfi siyasət aparmayacaq”

Erkin Qədirli: “Hesab edirəm ki, Azərbaycan və Türkiyə üçün çətin illər olacaq. Təki yanılım”

Yanvarın 20-də Donald Tramp Ağ Evi tərk etdi və ABŞ-ın Demokratları təmsil edən 46-cı prezidenti Co Bayden and içdi. Kapitoliya binasının pilləkənlərində baş tutan mərasimdə Ağ Evin yeni sahibi ilə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib.

Pandemiya səbəbindən mərasim ən qısa formatda və sosial məsafənin normalarına uyğun olaraq keçirilib. Hakimiyyəti yeni komandaya vitse-prezidenti Mayk Pens ötürüb. Baş verənlər səbəbindən və faktiki olaraq Trampın nəticələri qəbul etməməsi, özünü qalib saymasına - bununla bağlı hətta Baydenə məktub yazıb - görə, ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib. Tramp gedərkən ABŞ-ın müharibə etməyən ilk prezidenti kimi tarixə adını yazdırdığını deməyi də unutmayıb. Bütün bunlar təbii ki, yalnız ABŞ-ın daxili məsələləri deyil. Ancaq bizi maraqlandıran həm də Demokratların hakimiyyətdə olduğu dönəmdə rəsmi Vaşinqtonun Azərbaycana münasibətin necə olacağıdır. Bundan əvvəlki dönəmlərdə Demokratların hakimiyyəti Azərbaycana, o cümlədən Türkiyəyə müxtəlif səpkili təzyiqlərlə yadda qalıb. Baydenin andiçmə mərasimində səsləndirdiyi mesajlarla bağlı müxtəlif yanaşmalar var. Bundan əlavə, yeni administrasiyada artıq iki ABŞ ermənisinin post tutması erməniləri nə qədər məmnun edibsə, Azərbaycanda narahatlıq yaradıb.

Co Bayden ilk günündə 17 fərman imzalayıb

Bəs, ölkəmizdəki Qərbpərəst siyasətçilər nə düşünür, Baydenin və komandasının ermənipərəstliyi Azərbaycan üçün hansı fəsadlar yarada bilər?

ADP sədri Sərdar Cəlaloğlu Musavat.com-a açıqlamasında əvvəlcə dedi ki, Amerika idarəçiliyi ilə bağlı bəzi təsəvvürlər yanlışdır: “ABŞ-da kimin hansı millətin asılı olmayaraq, Amerika dövlətinin maraqlarına xidmət əsas məsələdir. Hətta orda bir erməni olsa və ABŞ-ın regional maraqlarına xidmət etdiyinə görə, məcburdur ki, Azərbaycanla yüksək səviyyədə münasibət qursun. Ona görə də mən müxtəlif millətlərin nümayəndələrinin ABŞ-da vəzifəyə gəlməsi ilə ABŞ-ın siyasətində problem yaranacağı barədə düşüncələri yanlış hesab edirəm. Bu, ABŞ-ın siyasətinə qətiyyən təsir edə bilməyəcək. Birincisi, onlar elə böyük vəzifələr tutmurlar. Amerikanın xarici siyasətini əsas dövlət katibi, vitse-prezident, Senatın xarici əlaqələr üzrə komissiyası müəyyən edir. Strateji siyasət də 1900-cu illərdən Vudro Vilson tərəfindən müəyyən olunub, ABŞ-ın dünya dövləti olması və s. Bu istiqamətdə də Amerikanın bütün prezidentləri Vilsonun müəyyən etdiyi yolu bu və ya başqa şəkildə həyata keçirirlər. Ona görə də yalnız Amerika haqqında təsəvvürü olmayan adamlar hansısa erməninin vəzifəyə qoyulmasının Azərbaycanla münasibətlərdə problem yaradacağını deyə bilər”.

Bayden administrasiyasının Azərbaycanla münasibətlərində gərginliklərin olacağı barədə ehtimallara gəldikdə, S.Cəlaloğlu xatırlatdı ki, Ağ Evin yeni sahibi açıq şəkildə Rusiyanı hədəf götürüb: “İndiki halda bizimçün ən böyük təhlükələrdən biri Rusiyadır. Amerika Rusiyanı nə qədər zəiflətsə, bir o qədər bizim dövlətimiz, suverenliyimiz möhkəmlənəcək, biz bir o qədər Rusiyanın işğalından xilas olacağıq, bu, bir. İkincisi, Baydenin xarici siyasətində Ukraynaya dəstək vermək birmənalı qırmızı xətt kimi keçir. Ukrayna da Türkiyə və Azərbaycanı strateji müttəfiq götürüb. Bu baxımdan Ukraynanın strateji müttəfiqinə qarşı Baydenin hər hansı addım atacağını gözləmirəm. Üçüncüsü, İsrail Azərbaycanla çox ciddi əlaqələrə malikdir və Amerika siyasətində yəhudi lobbisinin çox önəmli rolu var. Bu baxımdan o xətlə də Baydenin Türkiyə və Azərbaycanla bağlı hər hansı bir mənfi addım atacağını güman etmirəm. Sadəcə olaraq Amerikanın Amerikanın Türkiyə əsas məntiq ondan ibarətdir ki, Türkiyə hər hansı bir sahədə Amerikadan da qabağa keçməsin. Bu da təbiidir, Amerika dövlətinin maraqları ilə bağlıdır. Amma Türkiyəsiz nə NATO, NATO-suz nə Avropa var, nə də Amerika Rusiya təhlükəsi qarşısında, eləcə də Avropanı təhdid edən digər təhlükələr qarşısında NATO-suz bir iş görə bilər. NATO-nun da əsas gücü Türkiyədir. O baxımdan bütün bu parametrlərlə çıxış edib demək olar ki, Baydenin hakimiyyəti dövründə Türkiyə və Azərbaycanla bağlı Amerika elə də ciddi mənfi siyasət aparmayacaq. Biz bacarsaq, əksinə, Bayden daha çox Azərbaycan və Türkiyə istiqamətli siyasət apara bilər. Xüsusən əgər bizim xarici siyasətimiz və Türkiyə xarici siyasəti Rusiya məsələsində lazım olan işləri aparsa, demək olar ki, Bayden daha çox Türkiyə və Azərbaycanı dəstəkləyəcək”.

Müxalifət İlham Əliyevi dəstəkləməlidir

Deputat, Respublikaçı Alternativ (REAL) Partiyasının siyasi komitəsinin üzvü Erkin Qədirli isə Musavat.com-a bildirdi ki, məsələ təkcə Baydendə deyil: “Diqqət etsək, ötən illər ərzində respublikaçılarla demokratların xarici siyasəti arasındakı fərqi nəzərə alsaq, görünən odur ki, Respublikaçılar hakimiyyətdə olanda Azərbaycana və Türkiyəyə münasibət daha isti olur. O siyasət daha rassional qurulur, geopolitik maraqlar baxımından. O siyasət də deməzdim ki, bütün hallarda, amma əksərən milli maraqlarımıza uyğun gəlib. Demokratlar hakimiyyətə gələndə - onların xarici siyasəti daha mühafizəkardır, başqa ölkələrin daxili işlərinə qarışmaq, müxalifəti, demokratik layihələri dəstəkləmək və sair - təbii ki, bunu da əslində onlar geopolitik maraqlardan edirlər. Üstəlik, demokratların ənənəvi olaraq erməni lobbisi ilə də bağlılığı var. Onların çox nüfuzlu senatorları, konqresmenləri var, özü də tək Koliforniyada deyil, erməni lobbisi il sıx əməkdaşlıq edirlər, onlardan maliyyə dəstəyi alırlar, səs qoparırlar və s. Bu da təbii ki, onların bölgəmizə, özəlliklə Türkiyəyə baxışlarına təsir edir”.

REAL təmsilçisi bir məqama diqqət çəkdi: “Müstəqilliyimizin ilk illərindən bu yana izləsək, görərik ki, elə demokratların hakimiyyətdə olduğu illərdə Azərbaycan üçün çeşidli problemlər ya yaradılıb, ya yaradılmağa çalışılıb. Bədnam 907-ci düzəlişdən başlaya bilərik. Bunun təşəbbüskarı Con Kerri olub, Obamanın zamanında bir ara dövlət katibi də işlədi. O zaman demokratların konqresmeni idi. Çeşidli təşəbbüslər olub, bəziləri keçib, bəziləri keçməyib. Azərbaycana yardımın, Azərbaycanla hərbi əməkdaşlığın qarşısının alınması və sair. Bu cür təşəbbüslər əksərən demokratlardan gəlib. Respublikaçılar Konqresdə çox olanda keçməyib, ancaq bəzən keçib”.

Erkin Qədirli:

Erkin Qədirli

E.Qədirli ABŞ siyasətindən bəhs edərkən şəxsiyyətləri önə çəkməyin tərəfdarı deyil: “İndi çoxları Trampın şəxsiyyətinə istinad edib onun hakimiyyətdən getməsinə sevinir. Amma açığı, məncə, məsələ nə Trampdadır, nə Baydendə. Mən daha geniş götürürəm. Respublikaçıların dayağı, əsas dəstəyi hərbi sənaye, energetik sahə, enerji lobbisi, yəhudi lobbisidir. Bunların da özəlliklə bizə, o cümlədən Türkiyəyə münasibəti faydamıza, yararımızadır. Onlar xarici siyasəti hesablayanda bax, o geopolitik düşünürlər, hərbi, enerji maraqlarını əsas götürürlər. Təbii ki, yəhudi lobbisinin Amerikada erməni lobbisini ən azı tarazlamaq üçün bizimçün faydası böyükdür. Düşünürəm ki, bizə daha çox Respublikaçılar sərf edir, təbii ki, razılaşmayanlar olur, onu da normal qarşılayıram. Xüsusilə olaraq Baydenin şəxsiyyətini dəyərləndirmək fikrində deyiləm və onun yığdığı komanda ilə bağlı da xüsusi rəyim yoxdur. Düzdür, tanış adlar da var – məsələn, Nulon kimi. Hiss olunur Azərbaycanı və bölgəni tanıyan, araşdıran adamlar da var o komandada. İstər kəşfiyyat orqanlarında işləmiş, yaxud akademik araşdırmaçı olanlar. Vitse-prezidentin milli təhlükəsizlik şurası sahəsi üzrə müşaviri Azərbaycanı yaxşı tanıyır, o, burada araşdırma da aparıb”.

Bütün bunlarla yanaşı, REAL-çı millət vəkili hesab edir ki, ABŞ-ın Azərbaycana münasibətini zaman göstərəcək: “Düzdür, biz ABŞ-a şərt qoyan deyilik və Bayden administrasiyası ilə işləməliyik. Bacardığımız qədər onlarla yaxşı münasibətdə olmalıyıq. Amma yenə də deyirəm, mənim əvvəlki illərə baxışım belədir. Elə gələcəyi də o illərdən qalmış təəssüratdan təsəvvürümü formalaşdırıram. Mən Respublikaçıların hakimiyyətdə qalmasını istəyərdim, qeyd etdiyim kimi, məsələ Trampda deyil. Amma bu, Amerikanın seçimidir, Demokratlar gəlib, görək nə edəcəklər. Ümumilikdə Azərbaycan üçün pis bir şey gözləmirəm, amma şübhə ilə, spektik yanaşıram. Hesab edirəm ki, Azərbaycan və Türkiyə üçün çətin illər olacaq. Təki yanılım. Bu, o hallardandır ki, adam yanılmaq istəyir”.

E.Paşasoy,

Musavat.com