“Ermənistanda ciddi siyasi xaosun olacağı müşahidə edilir” - ŞƏRH

22 Yanvar 2021 15:57 (UTC+04:00)

“Nikol Paşinyan hələ Dağlıq Qarabağda Azərbaycan Böyük Vətən müharibəsinə başlamamışdan əvvəl ciddi daxili ictimai-siyasi narazılıqlarla qarşılaşmışdı”.

Bu sözləri AzNews.az- a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, Paşinyan hakiyyətə gəldiyi ilk günlərdən ölkənin bütün hüquq və siyasi institutlarına qarşı total repressiyalar həyata keçirirdi: “Ötən il həm də Ermənistanda dünya tarixi üçün rəzil olan siyasi mühüt formalaşmaqla yadda qaldı. Çünki Nikol Paşinyan Konstitutsiya məhkəməsinin rəhbəri Tovmasyan və ümumiyyətlə, Konstitutsiya məhkəməsinin hakimlərinə qarşı sırf onun siyasətini bəyənmədiyi üçün səlib yürüşləri həyata keçirirdi. Daha sonra isə ölkədə ciddi narazılıqlar formalaşdı. Həm Sarkisyan-Koçaryan ittifaqına daxil olan siyasətçilər, həm Ermənistanın keçmiş hüquq mühafizə orqanları, rəhbərləri, həm də keçmiş diplomatları Paşinyana qarşı müqavimət hərəkatını gücləndirdilər".

Tural İsmayılovun sözlərinə görə, buna baxmayaraq Paşinyan ölkədəki ictimai-siyasi sabitliyə nail olmaq üçün ciddi siyasi islahatlar həyata keçirmək yerinə, daxili auditoriyada hökm sürən qarışıqlıqdan fikir yayındırmaq üçün Azərbaycan və Türkiyənin əraziləri ilə bağlı hücumçu, eyni zamanda təxribat xaraktetli açıqlamalar verməyə başladı:

"Böyük Vətən müharibəsindəki məğlubiyyətdən sonra isə Paşinyana qarşı formalaşan ittifaqlar daha da gücləndi və bütün Ermənistandakı narazı kütlələr Manukyanın ətrafında birləşərək Paşinyana qarşı siyasi müqavimət hərəkatı yaradıblar. Ona görə 2021-ci il Ermənistanda həm siyasi, həm də hərbi çevriliş, inqilab ili kimi proqnozlaşdırıla bilir. Yəni, bu il ərzində Ermənistanda ciddi siyasi xaosun olacağı müşahidə edilir. Buna görə də Paşinyan bundan sonra vəziyyəti tarazlaşdırmaq üçün açıqlamalarında müəyyən dəyişikliklər etmək məcburiyyətində qalır. Paşinyanın Azərbaycanın maraqlarına uyğun açıqlamalar verməyi sadəcə olaraq düşmənin ölkə daxilindəki narazılıq fonunda hakimiyyətdən gedəcəyi təqdirdə öz siyasi gedişlərini möhkəmləndirmək məqsədi güdür. Bu adam bir il əvvəl Şuşa ilə bağlı başqa cür açıqlama versə də, Azərbaycanın qələbəsindən sonra tamam başqa açıqlama verir. Paşinyanın bütün addımları uğursuz və savadsız siyasi gedişlərdən başqa bir şey deyil. Həm dövlət idarəçiliyində, həm də ölkə iqtidarını təmsil etməkdə siyasi biliyi və intellektual səviyyəsi olmadığına görə Paşinyanın zamana doğru uyğun açıqlamalarını ciddi şəkildə təhlil etmək, analiz etmək də doğru deyil”.

Səidə

AzNews.az