Bakıya yenə qar yağa bilər

23 Yanvar 2021 10:13 (UTC+04:00)

Məlum olduğu kimi, yanvarın 21-də Bakıya ilk qar yağdı. Qeyd edək ki, artıq bir neçə il idi ki, Bakıya qar yağmırdı. Doğrudur, bölgələrdə, dağlıq rayonlar da hər il sulu qar, qar yağıntısı müşahidə olunurdu, lakin Bakı 3 ilə yaxın idi ki, qar üzünə həsrət qalmışdı. Sonuncu dəfə 2017-ci ildə fevralın 1-2-də Bakıya qar yağmışdı. Bu zaman qarın hündürlüyü 29 sm. təşkil etmişdir.

Beləliklə, Bakı yanvarın 21-də ilk qarı qarşıladı. Yanvarın 22-də isə paytaxtda artıq yağmursuz hava şəraiti müşahidə edildi, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olundu.

Bəs yenidən Bakıya qar yağması ehtimalı varmı?

Bir məsələni də qeyd edək ki, Avropa ölkələri bir neçə gün idi ki, qara bürünmüşdü. Bəzi iddialara görə pandemiya səbəbindən insanlar təbiətlə daha az ünsiyyətdə olduğundan atmosfer təmizlənib, nəticədə xeyli qar yağıntısı baş verib. Bu iddialara nə dərəcədə doğrudur?

Telman Zeynalov:

AzNews.az xəbər verir ki, ekoloq Telman Zeynalov bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə yağıntı havanı təmizləyir. Yəni istər yağış, istərsə də qar atmosferdə olan çirklilikləri yerə çökdürür. Sovet dövründə belə bir ənənə var idi ki, yağış yağandan sonra gün çıxanda asfaltları yuyurdular. Ona görə ki, maşınlar asfaltda hərəkət edəndə yerdəki tozanaq qalxmasın. İndi bu cür proseslər aparılmır. Bir məsələ də var ki, atmosferin təmizlənməsi təkcə yağıntılardan asılı deyil. Nəqliyyatın, karbon qazlarının atmosferə vurduğu ziyanı təmizləmək üçün gərək hamı elektrik, qaz nəqliyyat növünə keçsin. Sovet dövründə tramvaylardan, trolleybuslardan istifadə olunurdu. Lakin sonra bunların hamısını ləğv etdilər.

Bəli, qarın yağmasının səbəblərindən biri iqlim dəyişikliyidir. İqlim dəyişir, havalar soyuyur, qar yağır. Lakin deyərdim ki, iri şəhərlərdə qarın çox az yağmasının əsas səbəblərindən biri meqapolisin böyüməsi ilə əlaqədardır. Həmçinin yüksək binaların tikilməsi, küləyin istiqamətinin dəyişməsi, buxarlanmanın yüksək olması havanı isidir və nəticədə qar yağmır. İqlim isə Günəşdən, Yer kürəsinin oxundan və Sakit okeanda soyuq və isti cərəyanların bir-birini əvəz etməsindən asılıdır. Hazırda Sakit okeanda soyuq cərəyanlar mövcuddur. Bu səbəbdən bir çox ölkələrə qar çox yağdı. Beləliklə, ötən ilin avqust ayından etibarən Sakit okeanda soyuq cərəyanlar başladı, okeanın səviyyəsi soyudu, nəticədə kəskin soyuq hava şəraiti müşahidə olunmaqdadır".

Ekoloq qarşıdakı günlərdə də Bakıya qar yağa biləcəyini söyləyib: “Bəli, qış hələ qurtarmayıb. Ona görə də hələ qar yağa bilər. Qarın Bakıda yağması şimal-qərb, şimal-şərq küləklərindən asılıdır. Əgər şimal küləkləri əsəcəksə, qar yağacaq”.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.