Heç kim və heç nə unudulmur

23 Yanvar 2021 14:21 (UTC+04:00)

Diqqət yetirin: Türkiyədə Ərdoğan hakimiyyətinin müxalifləri onu Azərbaycan hakimiyyətindən gizlicə Rusiya ilə hansısa məxfi razılaşmalara getməkdə suçladıqları kimi, Azərbaycanda da bəzi müxalifət təmsilçiləri Əliyev hakimiyyətini Türkiyəsiz Rusiya ilə hansısa pərdəarxası anlaşmalarda iştirakda ittiham edirlər…
Bilirsiniz, niyə?
Çünki həm Türkiyədə, həm də Azərbaycanda bu qüvvələri idarə edən, onlara yön verən, "Rusiya ilə gizlicə anlaşıblar" tezisini dövriyyəyə buraxan eyni mərkəzdir!
Hədəfsə Türkiyə və Azərbaycan ictimaiyyəti, eləcə də hakimiyyətləri arasında qarşılıqlı inamsızlıq və təfriqə toxumu səpmək, gələcək nifaq üçün indidən zəmin yaratmaqdır.
Halbuki Türkiyə və Azərbaycan hakimiyyətləri, hər iki ölkənin mühüm dövlət qurumları indiyədək heç vaxt bu qədər iç-içə, yaxın və birgə maraqlar üçün ortaq hərəkət halında olmayıblar!
Bunu bilə-bilə, bəzi siyasətçilərimizin də sosial şəbəkələr üzərində yaradılan küyə və atmosferə düşərək, milli maraqlarımız üzərində populizmlə məşğul olmaları, Türkiyə-Azərbaycan münasibətlərində soyuqlaşma yaratmaq istəyənlərin dəyirmanına su tökmək cəhdləri, həqiqətən, məyusedicidir…
Burnundan uzağı görə bilməyənlərin, öz kiçik maraqları, siyasi iddia və şəxsi istəkləri üçün ölkəni satmağa hazır olanların hakimiyyətdə olduqları və hakimiyyətə idda etdikləri maraqlı bir dövrə şahidlik edirik…
Heç kim və heç nə unudulmur!

Elxan Şükürlü