"Bu Putin üçün gözlənilməz bir prosesdir" - Politoloq

25 Yanvar 2021 15:50 (UTC+04:00)

"Rusiyada A.Navalnın həbsinə qarşı etiraz aksiyalarının keçirilməsi Putin hakimiyyəti üçün ciddi narahatçılıq doğurur. İlk növbədə Rusiyanın gənc nəsli siyasiləşir və öz etirazını bildirir. Çünki ölkədə sosial vəziyyət sanksiyalar ucbatından çətinləşir".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Rusiyada baş verən son hadisələrə münasibət bildirən zaman deyib:

"Buna baxmayaraq Rusiyada hakimiyyət orqanları öz şəxsi sərvətlərini artırırlar. Məhz Putinin korrupsiyada ittiham edilən filmi bu etirazların daha da şiddətlənməsinə rəvac verdi. Hesab edirəm ki, bu kimi etirazlar Rusiyada hakmiyyət dəyişikliyinə gətirməsə də, bu il Dumaya keçirilən seçkilərdə müxalifətin, xüsusi ilə Navalni tərəfdarlarının ölkə miqyasında daha da kütləvi şəkildə siyasi proseslərdə aktiv olacağı müşahidə olunacaq. Bu da Putin üçün gözlənilməz bir prosesdir. Hesab edirəm ki, Kreml daxilində də ciddi fikir ayrılıqları var. Məhz Rusiya saray daxilində ciddi fikir ayrılıqları və hərbi elitanın müdaxiləsi ilə ölkədə hakmiyyət dəyişikliyi edilir".

Politoloq əlavə edib ki, Putindən narazı olan generallar, təhlükəsizlik və hərbi sahənin generalları Putinin varis planı ilə barışmır və bu hadisələrin axarında Navanlniyə dəstək verir:

"Düşünürəm ki, etirazlar geniş olarsa, bundan hərbi elita istifadə edib, Putinə təzyiq edə bilər. Amma, bu Rusiyanın parçalanmasına gətirməyəcək. Heç ABŞ da tezliklə bu parçalanmada maraqlı deyil. Sadəcə ölkənin zəifləməsi və çox qütblü dünya iddiasından geri çəkilməsidir. Məhz olanlar bu istiqamətdə gedir. Putin dirəniş göstərir. Amma sanksiyalar və etiraz aksiyalari davam edərsə, Kremldə dəyişliklər mümkündür. Bu Navalninin hakmiyyəti yox, yeni bir hərbi elitanin nümayəndəsindən olar".

Səidə

AzNews.az