Ölkədə muzdla işləyənlərin sayı açıqlandı

11 İyun 2013 09:11 (UTC+04:00)
2013-cü il mayın 1-nə olan hesablamalara görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1479,4 min nəfər olub.

AzNews.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, onlardan 896,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 583 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 23 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2013-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 406,8 manat təşkil etmiş, keçən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artıb.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Anar
AzNews.az