Rusiya universitetləri tələbələrimizə 49 yer ayırıb

11 İyun 2013 09:25 (UTC+04:00)



Azərbaycan Təhsil Nazirliyi ilə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi arasında 2 fevral 2002-cü il tarixində imzalanmış "Təhsil sahəsində əməkdaşlıq haqqında" protokola əsasən tərəflərin qarşılıqlı olaraq ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil almaq məqsədilə hər il müəyyən sayda kvota ayırması nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi 2013-2014-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarına 49 yer ayırıb.

Təhsil Nazirliyinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə apardığı müzakirələr nəticəsində 2013-2014-cü tədris ili üçün namizədlərin seçim prosedurlarının öncəki illərdə olduğu kimı saxlanılması barədə razılıq əldə olunub.

Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Namizədlərin qeydiyyatı 2013-cü il iyunun 10-dan 13-dək aparılacaq. Qeydiyyatdan keçən abituriyentlər 2013-cü il iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər.
Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilməlidir.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödəniləcək. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə Rusiyaya pulsuz gediş-gəliş bileti ilə təmin olunacaqlar.

Təhsil Nazirliyi Azərbayçan və Rusiya arasındakı təhsil əlaqələrinin genişləndirilməsinə yönəlmiş bu təşəbbüsü yüksək dəyərləndirərək gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırdır.

Elnarə
AzNews.az