"Əsas narazılıq budur ki, “Covid-19”la bağlı ayrılan vəsaitlər təyinatına uyğun xərclənmir"

26 Yanvar 2021 19:20 (UTC+04:00)

“Başqa bir məsələ ondan ibarətdir ki, “Covid-19” bağlı məsələlərlə bağlı cəmiyyətdə çoxsaylı, arası kəsilməyən müzakirələr gedir. Burda da əsas müzakirələrin biri də ondan ibarətdir ki, “Covid-19” bağlı ayrılan vəsaitlər təyinatına uyğun xərclənmir. Həkimlərin əmək haqqıyla bağlı məsələlərdə problemlər ortaya çıxıb. İstər-istəməz bütün bunlar müəyyən qərarların qəbul edilməsini sürətləndirir”

AzNews.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında hüquqşunas Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev Baş Prokurorluğun bu istiqamətdə apardığı əməliyyatların vacib olduğunu bildirib:

“Artıq son illərdə korrupsiyaya qarşı mübarizə ölkədə əsas prioritetlərdən birinə çevrilib. Ötən il 6 icra başçısının həbs edilməsi, həmçinin Xarici İşlər Nazirliyində, “Azərxalça”-da olan əməliyyatlar, eyni zamanda, daha aşağı təbəqədən olan məmurların həbs edilməsi bu prosesin davamlı olduğunu və həm də siyasi iradənin dayanıqlığını göstərir. Digər tərəfdən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tərkibi yenilənmişdir və yeni prioritetlər müəyyənləşmişdir. Başqa bir məsələ ondan ibarətdir ki, “Covid-19” bağlı məsələlərlə bağlı cəmiyyətdə çoxsaylı, arası kəsilməyən müzakirələr gedir. Burda da əsas müzakirələrin biri də ondan ibarətdir ki, “Covid-19” bağlı ayrılan vəsaitlər təyinatına uyğun xərclənmir. Həkimlərin əmək haqqıyla bağlı məsələlərdə problemlər ortaya çıxıb. İstər-istəməz bütün bunlar müəyyən qərarların qəbul edilməsini sürətləndirir. Həmçinin əlilliyin müəyyən edilməsiylə bağlı neqativ hadisələr səslənir. Bütün bunlar hüquq-mühafizə orqanlarının və o cümlədən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu istiqamətdə hərəkətə keçməsi üçün əsaslar yaradır. Yəni daxil olan məlumatlar çevik bir reaksiya tələb edir və bu reaksiya nəticəsində əməliyyat tədbirləri həyata keçirilib və nəticədə şəxslər həbs ediliblər.

Təkcə bu deyil, eyni zamanda, hesab edirəm ki, “Covid-19” bağlı dövlətin çəkdiyi xərclər və onların xəstəxanalarda necə xərclənməsiylə bağlı böyük açıqlamalara ehtiyac var. Konkret rayonlar üzrə bunların göstərilməsi vacibdir. İkinci tərəfdən xəstəxanalara alınan avadanlıqların necə, hansı qiymətə, hardan alınması araşdırılmalıdır. “Covid-19”la bağlı klinikalarda aparılan analizlərin məbləği araşdırılmalıdır. Bütün bunlar hamısı cəmiyyətdə müzakirə olunan məsələlərdir. “TƏBİB” bununla bağlı geniş miqyasda hesabat verməlidir. Eyni zamanda, daha yaxşı olar ki, həm də Səhiyyə Nazirliyi də bu istiqamətdə fəallığı artırsın. Ümumiyyətlə, bütün bu sahələrlə bağlı şəffaflığa ehtiyac var və təəssüf ki, hələ də bu istiqamətdə şəffaflıq mövcud deyil. Belə olanda da bir çox şübhələrin yaranmasına gətirib çıxarır. Bütün bunlar prokurorluq orqanlarının diqqət mərkəzindədir. Ölkə başçısı çıxışı zamanı bildirdi ki, hər hansı şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, o, dərhal məsuliyyətə cəlb edilməlidir. Heç kəs qanundan üstün ola bilməz və bu gün bu istiqamətdə işlər gedir. Kimsə bundan sui-istifadə edirsə, dövlət tərəfindən ayrılan vəsaitlərə əl qoyursa, korrupsiya sövdələşmələrinə əl qoyursa, onlar mütləq məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır. Bu istiqamətdə proses gedir və hesab edirəm ki, Baş Prokurorluq bu işi uğurla həyata keçirməkdədir. İnsanlar artıq bu fikirdədir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə genişlənməkdədir”.