Azərbaycanda beynəlxalq indeksli elmi jurnalların yaradılmasına mane olan kimdir?

26 Yanvar 2021 19:28 (UTC+04:00)

Azərbaycanda elmi iş müdafiə edib alimlik dərəcəsi almaq istəyən şəxslərdən tələb edilən əsas işlərdən biri onların bir-iki məqaləsinin xarici ölkələrdə nəşr edilən impakt faktorlu jurnallarda nəşr olunmasıdır.

Beynəlxalq indeksli elmi jurnallarda məqalə çap etdirmək isə hər elmi işçiyə, alimlik dərəcəsi almağa iddialı olan şəxsə qismət olmur. Bəzən onlar beynəlxalq indeksli elmi jurnallarda bir məqalə çap etdirmək üçün illərlə gözləyirlər, həm əsəbləri korlanır, həm də ondan-bundan borc alıb, yaxud ailəsinin boğazından kəsib həmin jurnallara pul ödəyirlər. Çox zaman isə onların ödədikləri pulları havaya gedir. Alimlər var, illərdir məqaləsinin çap ediləcəyi günü gözləyir ki, çap olunsun, o da həmin jurnalı Ali Attestasiya Komissiyasına təqdim etsin.

Bu məsələ Azərbaycanda beynəlxalq indeksli elmi jurnalların nəşrinə ciddi ehtiyac olduğunu gündəmə gətirir. Azərbaycanın özündə beynəlxalq indeksli elmi jurnallar nəşr edilməlidir ki, alimlərimiz xarici ölkələrə üz tutmasınlar, orada min bir problemlə üzləşməsinlər. Ona görə də ölkəmizdə bir deyil, bir neçə beynəlxalq indeksli elmi jurnal yaradılmalıdır ki, həm öz alimlərimiz burada çap olunsun, həm də xarici müəlliflər özləri bizə üz tutsun, bizim büdcəyə vəsait ödəsinlər. Məlumatımıza görə, bəzi universitetlərdə elmi jurnallar var, amma onların heç biri impakt faktorlu deyil və beynəlxalq statusu yoxdur. Yəni bu jurnallar dünya elmi tərəfindən tanınmır, yalnız ölkə daxilində yararlıdır.

Bir çox ekspert hesab edir ki, Azərbaycanda beynəlxalq indeksli elmi jurnallar çap olunmalıdır ki, alimlərimizin problemi həll olunsun.

AzNews.az-ın məlumatına görə, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca aktual bir məsələdir:

“Əslində, çox vacib məsələyə toxunmusunuz. Elmi dərəcələrin alınmasında da, elmi tədqiqatların aparılmasında da o qədər boşluqlar var, o qədər yeniliklər tətbiq olunmalı, islahatlar aparılmalıdır ki. Siz beynəlxalq elmi jurnalları qeyd edirsiniz. Hər universitetin, hər ali təhsil müəssisəsinin, o cümlədən də akademiyanın özündə elmi jurnallar fəaliyyət göstərir, elmi nəşrlər var. Həmin elmi nəşrlər də Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısında qeydiyyatdan keçib. Sadəcə olaraq, beynəlxalq, yəni impakt faktorlu jurnallar siyahısında yoxdurlar. Yalnız Xəzər Universitetində impakt faktorlu jurnal var. Yəni bu universitetin jurnalı həmin beynəlxalq elmi jurnallar sırasında yer alır. Bildiyim qədər, başqa bir Azərbaycan universitetində belə bir impakt faktorlu jurnal yoxdur. Əlbəttə ki, alimlərin Azərbaycandan, məsələn, Kandaya, Avstriyaya, yaxud başqa bir xarici ölkədə nəşr olunan impakt faktorlu jurnala məqalə göndərib çap etdirməsinə bəlli vəsait tələb olunur, həm də bunu təşkil etmək üçün çətinliklər yaranır. Burada, istər-istəməz, əziyyət olur. Amma alimlərimizin xarici ölkələrdə nəşr edilən impakt faktorlu jurnallara məqalə göndərməsi, orada məqalə çap etdirməsi pis deyil, yaxşıdır ki, Azərbaycan aliminin elmi məqaləsi hər hansı bir impakt faktorlu jurnalda nəşr olunur. Bunun vasitəsilə də Azərbaycan alimləri xaricə inteqrasiya edə bilir, xaricdəkilər də bizim elmimizdən yararlana bilirlər, məlumat alırlar ki, burada hansı tədqiqatlar aparılır. Sadəcə olaraq, impakt faktorlu jurnalların Azərbaycanda nəşr olunması özü ona yol açar ki, xaricdə tədqiqatlar aparan alimlər də Azərbaycanda çap olunmağa maraq göstərsinlər. Sadəcə, burada çox cüzi məbləğ olmalıdır ki, onları bu jurnallarda çap olunmağa maraqlandıra bilək. Bilirsiniz ki, xaricdəki maaşla, xaricdəki gəlirlə bizim gəlirimiz eyni deyil. Məsələn, onlara bizim alimlərin çap olunmaq üçün o nəşrlərə ödədiyi məbləğ cüzi görünə bilər, amma bizim maaşlara görə həmin impakt faktorlu jurnallara qoyulan məbləğ çox böyük görsənir. Ona görə də bizim ali təhsil müəssisələrimiz də belə jurnallar çap etməli, alimlərimizə şərait yaratmalıdır. Amma necə yaratmalıdır? Əslində, bunu təşkil etmək çətindir. Çünki impakt faktorlu jurnalların siyahısına düşə bilmək lazımdır”.

V.Ağabəylinin qeyd etdiyinə görə, söhbət beynəlxalq universitetlərin Azərbaycanın hansı universitetinin, hansı ali təhsil müəssisəsinin jurnalının impakt faktorlu jurnallar siyahısında qəbul edəcəyindən gedir.

“Amma Azərbaycanda da impakt faktorlu jurnallar təsis edilərsə, ora elmi məqalələrin qəbul olunması, elmi məqalələrin süzgəcdən keçirilməsi, çapa tövsiyə olunması, təsdiqlənməsi obyektiv aparılacaqmı? Sual və məsələ budur. Bizdə çox vaxt belədir ki, kimsə kimin tanışıdırsa, o, elmi iş götürür, yaxud kimsə hər hansı bir vəsait ödəyir, elmi işini kiməsə yazdırır, müdafiəsinə hər hansı bir vəsait ayrılır və o, müdafiə edir. Hətta elə adamlar olur ki, öz “elmi iş”indən xəbərsiz olur. Orada nə yazılıb, ondan xəbərsizdir. Sadəcə, həmin adama çıxış yazılıb, müdafiədə gedib onu üzündən oxuyur. Kifayət qədər belə “alimlərimiz” var. Təbii, belə “alimlər”lə də biz hansı beynəlxalq elmi mühitə çıxa bilərik? Elə adamlar var ki, cibində kifayət qədər pul olduğuna görə onlar pul verib məqalə yazdırırlar və pul ödəyib həmin məqalələri də impakt faktorlu jurnallarda çap etdirirlər. Bu elmdir ki? Belə bir “elm”, belə bir “yenilik”, belə bir “tədqiqat”, bu cür impakt faktorlu jurnalda çıxan məqalə bizə lazımdır? Bunun bizə nə xeyri var ki? Bu yalnız statistika üçündür, bunun bizə heç bir faydası yoxdur.

Bilirsiniz, elmi pula satanlar, savadsız tanışlarını, qohumlarını başqalarının haqqını yeməklə “elmə” gətirənlər, elmi ad və dərəcələri, o cümlədən, doktorluq qəbul planını pula satanlar, əslində, həbs olunmalıdırlar. Çünki elmin sağlam inkişafının qarşısı alındıqca, heç bir sahədə inkişaf getməyəcək” - deyə alim bildirdi.