Arzu Kazımovun məhkəməsi başlayıb

11 İyun 2013 09:30 (UTC+04:00)


APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Arzu Kazımovun vəkili Ramiz Zeynalov E. Abdullayevin müdafiə etdiyi şəxslə bağlı yaydığı videoların hüquqi əsasının olmadığını qeyd edərək sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkil A. Kazımovun xəstə olduğunu əsas gətirib, barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. R. Zeynalov eyni zamanda "İnşaat- Servis-2002" MTK-nın maliyyə arayışlarının kimin adına verilməsi barədə şirkətə sorğu göndərilməsi barədə də vəsatət qaldırıb.

Dövlət ittihamçısı isə vəsatətlərin əsassız olduğunu bildirib, məhkəmədən onların təmin olunmamasını istəyib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını bildirib.

Məhkəmə baxışı iyunun 21-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun saytında yerləşdirilən məlumatda bildirilir ki, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin işlərdən Kazımov Arzu Firudin oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunub ki, aparılmış hərtərəfli, tam və obyektiv istintaqla Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilib. Belə ki, istintaqla müəyyən edilib ki, A. Kazımov özünü Mənzil-tikinti kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E.Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.

Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A.Kazımovun qardaşı Nizami Kazımova məxsus "KNF İnvestment" Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.

Bundan başqa, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilib.

Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət verməyə cəhdi faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.

AzNews.az