Nemət Pənahlının partiyası ləğv oluna bilər

27 Yanvar 2021 09:41 (UTC+04:00)

Bir neçə partiyanın qeydiyyatının ləğv olunacağı gözlənilir. Aralarında Nemət Pənahlının rəhbərlik etdiyi partiya da var. Buna səbəb təşkilatın qurultaylar keçirməməsi, rəhbər orqanların seçilməməsi, illər üzrə maliyyə hesabatlarının təqdim edilməməsidir. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov nazirliyin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə hiss olunmur: “Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil.

Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarını qeyd etmək olar”.

AzNews.az xəbər verir ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı “Yeni Müsavat”a deyib ki, rəhbərlik etdiyi təşkilatın qurultay keçirməsi üçün şərait yaradılmır: “Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib qurultay keçirmək üçün yer istəmişik. Lakin bu boyda Bakı şəhərində bizə qurultay keçirməyə bir yer ayıra bilmədilər”.

Nemət Pənahlı partiya üzvlərindən prinsipial olaraq üzvlük haqqı toplanmadığını deyərək, bu səbəbdən maliyyə hesabatlarını vermədiklərini qeyd etdi. Ümumilikdə, partiyanın fəaliyyətdə olduğunu dedi.

Nazirlik rəsmisinin fəaliyyətsiz olduğunu söylədiyi Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə təsis edilib. 1995-ci ildə dövlət qeydiyyatına alınıb. İdeologiyasının əsasında marksizm-leninizm, kommunizm ideyaları dayanır. Proqramının hədəfi cəmiyyətdə fəhlə sinfinin möhkəmlənməsi, onun hüquqlarının qorunmasıdır. Siyasi sistemdə sol mövqeyi təmsil edir.

Partiyanın seçkili orqanları Mərkəzi Komitə, Siyasi Büro və birinci katibdən ibarətdir. İqtidar-müxalifət dialoqunu dəstəkləməyən partiya 2000-ci ildə 2 qola parçalanıb. AVKP-1 Sayad Sayadov sədrliyində, AVKP-2 Musa Tukanov sədrliyində fəaliyyət göstərib. AVKP-1 sədri Sayad Sayadov 2011-ci ilin oktyabr ayının 30-da, AVKP-2 sədri Musa Tukanov isə 15 aprel 2019-cu ildə vəfat edib. Hər iki təşkilatın sədrləri vəfat edəndən sonra fəaliyyətləri ümumiyyətlə dayanıb.