Milli imzalara qarşı məhkəmə şantajları: Jurnalist təşkilatları niyə susur? - ŞOK CAVABLAR

27 Yanvar 2021 17:35 (UTC+04:00)

Mediada şərəf və ləyaqəti tapdanılan vətəndaşların məhkəməyə müraciət etməsi konstitusion haqdır. Amma bu hüquqdan sui-istifadə edərək məhkəmələrin əli ilə azad mediaya basqı yaratmaq, hakimləri şantaj edərək barələrində cəmiyyətə dürüst məlumatlar verən jurnalistləri cəzalandırmaq, peşə fəaliyyətlərinə mane olmaq istəyənlər də var. Bu tendensiya son zamanlar xeyli genişlənib. Jurnalistlər təqibə və təzyiqə məruz qalaraq məhkəmələrdə süründürülür. Bu jurnalistlər isə məhz milli imzalar, Azərbaycan dövlətinin maraqlarının prinsipial müdafiəçiləridirlər. Jurnalist birlikləri isə ya susur, ya da "azacıq aşım, ağrımaz başım" deyib öz gerçək missiyalarına uyğun davranmaq əvəzinə, bu və ya digər yollarla maliyyə əldə etmək üzərində baş sındırırlar. Jurnalistlərə qarşı xüsusi ittiham qaydasında neçə-neçə iddia qaldırılmasına baxmayaraq, onlarla jurnalist təşkilatından birinin nümayəndəsini nəinki məhkəmələrdə görmək mümkündür, heç quru bəyanatlarına rast gəlmək olmur. Niyə? Bu suala cavab tapmaq üçün AzNews.az analitik-informasiya portalının əməkdaşı jurnalist birliklərinin sədrlərinə, media ekspertlərinə, hüquq müdafiəçilərinə müraciət edib. Bu da onların media cameəsini silkələyəcək cavabları:

Jurnalistlərin Həmkarlar İttifaqlarının Sədri Müşfiq Ələsgərli: "Üzvlük haqqı ödəməlidirlər ki, müdafiə edə bilək"

“1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Azərbaycanda bənzər hallar yaşanıb. Həmin vaxt KİV-ə və jurnalistlərə qarşı o qədər məhkəmə iddiaları açılmışdı ki, durumu “KİV-ə qarşı məhkəmə bumu” kimi dəyərləndirirdilər. O vaxt ölkə prezidenti olan ümumilli lider Heydər Əliyev məmurlara müraciət etdi, KİV-ə qarşı məhkəmə iddialarını dondurmağı tapşırdı. Qeyd etdiyim dövrdə vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var idi. Səbəblərdən biri də bu idi ki, ölkədə KİV üzərində dövlət tənzimləyici qurumları ləğv edilir, KİV-in özünütənzimləmə mexanizmi yaradılırdı. Keçid dövründə KİV-dən narazı qalanlar, problem olanlar hamısı məhkəmələrə üz tuturdular. Özünütənzimləmə mexanizmləri tam formalaşıb başa çatmadığı üçün belə durum yaranmışdı. Sonradan vəziyyət dəyişdi, KİV-də hansısa materialdan, yaxud hansısa jurnalistlərdən narazı olanlar məhkəmələrdən öncə özünütənzimləmə qurumlarına, o cümlədən, Mətbuat Şurasına, Milli Teleradio Şurasına müraciət edirdilər. Problemlər də bu müstəvidə həll edilirdi. Təsəvvür yaransın deyə bir faktı qeyd edim ki, Mətbuat Şurasına hər il orta hesabla təqribən 400-600 aralığında müraciət daxil olur. Bunların böyük əksəriyyəti KİV-dən, jurnalistlərdən olan şikayətlərdir. Mətbuat Şurası bu şikayətlərə peşəkar müstəvidə baxır, mübahisənin yaranmasına səbəb olan materiallar araşdırılır, rəy verilirdi. Bununla da problem öz həllini tapmış olur, iş məhkəmə müstəvisinə daşınmır. Yalnız barışıq əldə edilməyən məsələlər, yaxud, özünütənzimləmə qurumlarının səlahiyyətinə aid olmayan məsələlər məhkəmə müstəvisinə daşınırdı ki, onların da sayı kifayət qədər aşağı rəqəmlərlə ifadə olunurdu, diqqət çəkmirdi.

Son bir il müddətində durum yenidən dəyişməyə başlayıb. Yenə də jurnalistlərə, KİV-ə qarşı məhkəmə iddialarının sayı artmağa başlayıb. Şəxsi fikrim belədir ki, bunun da bir neçə səbəbi var. Digər səbəblərə sonradan toxuna bilərik. İndilik isə ən qabarıq səbəb barədə danışmaq istəyirəm. Bu səbəb son illər ərzində medianın özünütənzimləmə qurumlarına qarşı aparılan qərəzli kampaniyalardır. Belə kampaniyalarla özünütənzimləmə qurumlarına qarşı etimad zədələnir, insanlarda ümidsizlik yaradılır, KİV-dən şikayətçi olanlar özünütənzimləmə qurumları ilə yanaşı məhkəmələrə də üz tuturlar, nəticədə belə neqativ durum yaranır. Bəli, biz də müşahidə edirik ki, son illər ərzində KİV işçilərindən olan şikayətlərin məhkəmələrə yönləndirilməsi proseslərində intensivlik var. Jurnalistlərin Həmkarlar İttifaqının bu yöndə fəaliyyətinə gəlincə, deyə bilərəm ki, biz fasiləsiz şəkildə monitorinqlər aparırıq. Bütün hallar qeydə alınır və sistemləşdirilir. Hər il bu hallarla bağlı hesabatlarımızı açıqlayırıq. Haqqında məhkəmə iddiası olan jurnalistlərdən kimləri müdafiə edirik yönündə suala isə cavabım budur ki, ilk növbədə üzvümüz olan şəxslərə yardım göstəririk. Bu məqamda ictimai rəydə mövcud olan bəzi yanlış streotipləri qeyd etmək istəyirəm. 90-cı illərdə ölkədə 3-cü sektorun, hüquq müdafiəçiliyi sahəsində fəaliyyət göstərən QHT-in yenicə formalaşması prosesi gedirdi. Həmin prosesə beynəlxalq donor təşkilatlar dəstək verirdilər. Şərtləri də bu olurdu ki, problem yaranan hər kəsin hüququ qorunmalıdır. Bu da cəmiyyətdə belə streotiplər yaradırdıb ki, hüquq müdafiə təşkilatları yenə də hər kəsin hüququnu qorumalıdırlar. Amma indi vəziyyət dəyişib. QHT, hüquq müdafiə təşkilatları ixtisaslaşıblar, institutlaşıblar. İndi prosesə beynəlxalq donorlar əvvəlki kimi dəstək vermirlər. İşi təşkil etmək QHT-nın, hüquq müdafiə təşkilatlarının öz üzərinə düşür. Jurnalistlər, müdafiəyə ehtiyacı olanlar bu institutlarda, QHT-da, təşkilatlarda toplaşmalıdırlar, üzv olmalıdırlar, üzvlük haqqı ödəməlidirlər ki, QHT-da hüquq müdafiəçiliyini həyata keçirə bilsinlər.Təəssüf ki, jurnalistlər hüquq müdafiə təşkilatları ətarfında təşkilatlanmaqda, QHT-na üzv olmaqda, üzvlük haqqı köçürməkdə maraqlı olmurlar. Nəticədə də yardımsız qalırlar. Əlbəttə, bu, QHT, ictimai təşkilatlar üzv olmayanlara heç bir yardım göstərmirlər anlamına gəlmir. Hansı işləri ki, ictimai əsaslarla görmək mümkündür, onları edirik. Məsələn, bəyanatlar veririk, jurnalistlərin problemlərini ictimailəşdiririk, mənəvi dəstək veririk və sair. Amma konkret məhkəmədə müdafiəyə dəstək vermək, vəkillə təmin etmək və sair, bunlar maliyyə tələb edən məsələlərdir. Bu baxımdan hər bir təşkilat ilk növbədə öz üzvü olanların müdafiəsini təşkil etməyə çalışır”.

Hüquqşünas Ələsgər Əhmədoğlu məsələyə başqa cür yanaşır: "Yeri gələndə bununla bağlı etirazlarımı edərək, hökümətə çağırışlar edirəm"

“Mən çox zaman Azərbaycanda media azadlığının pozulma haqlarını müşahidə etmişəm. Yeri gələndə bununla bağlı etirazlarımı edərək, hökümətə çağırışlar edirəm. Jurnalistlərə qarşı konkret olaraq iddialar Gəncə hadisələrindən sonra yarandı. Bir neçə jurnalistə 5 ildən artıq şərti cəzalar verildi. Məsələ bu deyil, məsələ odur ki, biz daha çox, elə mən özüm bunun ilk növbədə iki istiqamətdə irəliləməsinin lazım olduğunu düşünürəm. Birincisi, hökümətə çağırışlar və hökümətin konstitusiyada müəyyən olunan hüquq və azadlıqlarının çərçivəsini qorumaq və ondan kənara çıxmamaq, bu çərçivədə də istər qanunvericiliyin çərçivəsini geniş tutmaq, istərsə də onun tətbiqinə dair jurnalistlərə yönəlik hər hansısa basqıçı bir politika izləməmək. Bu mənim ən çox çağırış etdiyim və gündəmə gətirdiyim məsələlərdən biridir. Həm hüquqi, həm praktik vəziyyətlə bağlı. İkincisi isə bu tip məsələlərin Azərbaycanın qoşulduğu beynəlxalq hüquqa, beynəlxalq sənədlərə uyğunluğu və bu çərçivədə beynəlxalq qurumların bu məsələyə hansı tip reaksiyalar verməsidir. Beynəlxalq qurum dedikdə, bunu daha konkretləşdirək. Bilirsiz ki, Azərbaycan AŞ-nın üzvüdür, Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub və konvensiyanın müdafiə mexanizmi Avropa İnsan Hüquqları Məhkəməsidir. Bu istiqamətdə həm konvensiyaya nəzarət edən Avropa Məhkəməsində, həm də şurada Azərbaycana yönəlik tələblər olur. Qanunvericiliyin tənzimlənməsi və doğru tənzimlənməsi məsələsi var. Yəni, qanunda konvensiyaya zidd müddəaların aradan qaldırılması və qanunvericiliyin konvensiyaya uyğunlaşdırılmasıdır. İkinci istiqamət: dəyən zərər hansı jurnalistə və ya hansı ifadə azadlığının istifadəçisinə zərər dəyibsə, zərərin tam həcmdə kompensasiyasıdır - həm maddi, həm mənəvi. Üçüncüsü isə əgər tətbiq, yəni, jurnalist hüququnu məhdudlaşdıran tətbiq qanunsuz fəaliyyətdən doğubsa, yəni, qanunsuz səlahiyyətlərin aşmış tərəflər və ya səlahiyyətlərindən sui-istifadə etmiş tərəflərdən, o zaman onların da hüquqi məsuliyyətinə cəlb edilməsi məsələsidir. Bu üç istiqamətdə də mən məsələləri gündəmdə saxlayıram. Tək mən deyil, ümumiyyətlə, jurnalist hüquqları müdafiəsi istiqamətlərində fəaliyyət göstərən digər qurum və şəxslər də bu məsələlərdə müntəzəm fəaliyyət göstərirlər.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "Mərkəzimiz media əhlinin hüquqlarını məhkəmələrdə müdafiə etmək üzrə ixtisaslaşmayıb"

“Məmurların, o cümlədən tanınmış ictimai-siyasi xadimlərin jurnalistlərlə problemlərini məhkəmə müstəvisində həll etməyə çalışması mənfi presedentdir. Analoji hallar jurnalistlərin əl-qolunu bağlayır, mətbuatı çərçivəyə salır. Üstəlik, Azərbaycanın beynəlxalq imicinə zərbə vurur, adımızın “qara siyahı”lara düşməsinə səbəb olur. Mən bu cür anlaşılmazlıqların məhkəmə müstəvisində deyil, Azərbaycan Mətbuat Şurasında çözülməsinin tərəfdarıyam. Məhkəməyə qədər başqa vasitələr var. Bu vasitələrdən istifadə etməyib jurnalisti məhkəmə salonlarına sürümək xoşniyyətli yanaşma deyil. Burada incə bir məqam da var: Jurnalist olmaq heç kimə toxunulmazlıq hüququ qazandırmır. Gərək jurnalist də etik çərçivələri aşmasın, sözü qənbər daşı kimi rəqibin başına çırpmasın. Jurnalist peşə kodeksinə əməl etməyə borcludur. Jurnalist Araşdırmaları Mərkəzi media əhlinin hüquqlarını məhkəmələrdə müdafiə etmək üzrə ixtisaslaşmayıb. Bu sahəni özünün əsas fəaliyyət istiqaməti seçən başqa təşkilatlar var, onlardan hüquqi yardım almaq mümkündür. Amma hansısa jurnalist hüquqlarını müdafiə etmək üçün bizə müraciət etsə, ona dəstək verməyə hazırıq. Daha effektiv nəticə əldə etmək istəyənlərə Jurnalist Araşdırmaları Mərkəzinin də üzvü olduğu Azərbaycan Mətbuat Şurasına müraciət etməyi tövsiyə edirəm”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: "2014-cü ildən fəaliyyətimizi dayandırmışıq"

“Yeni Nəsil” Jurnalistlər Birliyi 2014-cü ildən fəaliyyətini dayandırıb. Mən o haqda ancaq ekspert qismində çıxışlar edirəm, münasibət bildirirəm. Çünki digər QHT-lər kimi bizim də onun fəaliyyətini təmin etməyə imkanımız olmadı. Amma həmin vaxta kimi “Yeni Nəsil” Jurnalistlər Birliyinin Dəstək Fondu da olub və az-çox vicdanı olan insanlar yəqin xatırlayır ki, orada nə qədər vəkil tutulub, onların ailələrinə, bağlanan redaksiyalara yardım olunub, özünün hüquqi proqramı olub. O dövrdə çox böyük fəaliyyətimiz olub. İstənilən halda, söhbət məhkəməyə verilən jurnalistlərdən gedirsə (həbsdə olan jurnalistlərdən getmirsə) onlara kifayət qədər dəstək hələ də olunur. Mən bilirəm ki, bizdə bu məhkəmələrin çox dəqiq monitorinqini aparan qurumlar var. Bir çox vəkillər var ki, onların müdafiəsini təşkil edir. Hesabatlar hazırlanır, o hesabatlar kağızdan ibarət deyil. Həmin hesabatlar beynəlxalq təşkilatlara gedir və həmin təşkilatlardan yardımlar göstərilir. Yəni, bu sahədə fəaliyyət tam da boş deyil. O sahədə fəaliyyət göstərən qurumlar var. Bunlar daha çox media ilə hüquq arasında olan qurumlardır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu: "Belə bir qurum tanımıram"

“Jurnalist haqlarını qoruyan qurumları tanımıram, kim olduqlarını bilmirəm. Amma onu deyə bilərəm ki, bütün jurnalistləri, blogerləri bizim monitorinq qrupu müdafiə edir. İndiyə kimi hər zaman müdafiə etmişik, hətta Avropa Şurasına qədər getmişik”.

Məhkəməyə verilən jurnalist Aygün Muradxanlı:

“Araşdırma yazıma görə məhkəməyə verilmişəm. Bu mənim araşdırmamdı, araşdırmamı faktlar əsasında yazmışam, faktlarla işıqlandırmışam. Əgər bu işi icraata alacaqlarsa, məhkəmə olacaqsa, bütün sübutlarımızı təqdim edəcəyik. Dövlət Təhlükəsizlik Xidmətinə bununla bağlı rəsmi müraciət etmişəm”.

Səidə

AzNews.az