Qubadlı “partizan”ının əfv edilməsi üçün Prezidentə müraciət olundu

27 Yanvar 2021 18:48 (UTC+04:00)

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi I Qarabağ döyüşlərində böyük şücaətlər göstərmiş, müharibədən sonra cinayət əməllərinə görə ömürlük həbs olunmuş İntiqam Qayıbovun əfv edilməsi üçün Prezident İlham Əliyevə məktub ünvanlayıb.

AzNews.az-ın məlumatına görə, məktubda keçmiş döyüşçünün artıq 27 ildir həbsdə yatdığı vurğulanır və azadlığa buraxılması xahiş olunur.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin Prezidentə müraciətini təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

İlk növbədə Sizi komandanlığınız altında Azərbaycanın Vətən Müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edirik!

Bu qələbə xalqımızı nə qədər qürurlandırdısa, liderliyiniz ətrafında bütün xalqın birləşərək milli birlik sərgiləməsi də bizə misli olmayan qürur yaşatdı. Necə ki, Siz “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadənizi hər addımınızda təsdiqləmiş oldunuz, hər bir azərbaycanlı da Sizin əsgəriniz olduğunu nümayiş etdirdi. Bütün dünyada heyranlıq doğuran bu birlik sarsılmazdır. Hər bir azərbaycanlının prezidenti kimi göstərdiyiniz diqqət və qayğını Birinci Qarabağ Müharibəsi iştirakçıları və onların ailələri də daim öz üzərlərində gördülər. Bunun üçün də Sizə sonsuz minnətdar olduğumuzu diqqətinizə çatdırmaq istəyirik.

Sahib olduğunuz bu dəyərlər və prinsiplərə görə Birinci Qarabağ Müharibəsinin qəhrəman döyüşçülərindən biri haqqında Sizə etdiyimiz bu müraciətə həssaslıqla yanaşacağınıza əminik.

Belə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda könüllü olaraq silaha sarılan oğullarımızdan olan Qayıbov İntiqam Yusif oğlu Birinci Qarabağ Müharibəsinin ən qanlı-qadallı və vahiməli döyüşlərində iştirak etmişdir. Tabeliyində olduğu könüllü dəstənin qəhrəmanlıqları dillər əzbəridir. Həmin dəstənin iki döyüşçüsü – Şəhid Əliyar Əliyev və Şəhid Aqil Məmmədov Azərbaycan Milli Qəhrəmanı fəxri adlarına layiq görülmüşlər. Kəşfiyyat dəstəsində xidmət edən İntiqam Qayıbovun isə şücaətləri əksər müharibə iştirakçılarına məlumdur.

Lakin o, müharibədən sonra bir cinayətlə bağlı təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmişdir. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, 27 ildən artıq həbs cəzası çəkmiş İntiqam Qayıbovun ömürlük azadlıqdan məhrumetmə cəzasının 25 il azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinə dair müraciət Qaradağ rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir (hakim Teymur Qurbanov), hazırda həmin qərardan verilmiş şikayət Bakı Appelyasiya Məhkəməsində araşdırılır.



Möhtərəm Prezident,

Sizin müharibə iştirakçılarına və onların ailələrinə göstərdiyiniz diqqət və qayğıları, eləcə də bu insanlar barədə daha humanist davranılması ilə bağlı daim verdiyiniz tövsiyələri rəhbər tutaraq xahiş edirik ki, Qayıbov İntiqam Yusif oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrundakı xidmətlərini nəzərə alaraq onu əfv edəsiniz.

Yaşı ötmüş bu döyüşçünün uğrunda döyüşdüyü torpaqlar və doğma Qubadlı şəhəri artıq Sizin komamdanlığınız altında azad edilib. Hesab edirik ki, onun bütün məcburi köçkünlər kimi vətənə qayıtmaq yanğısını, arzusunu xidmətləri qarşılığında təmin etmək məqsədi ilə 27 illik məhbəs həyatından sonra azad edilməsi dövlətin ən humanist davranışlatından biri olar.

Dərin hörmət və ehtiramla, Sədr M.Mehdiyev”.

Qeyd edək ki, İntiqam Qayıbovun komandir müavini olduğu “Qaranquş” kəşfiyyat-diversiya dəstəsi I Qarabağ döyüşlərində misilsiz şücaətləri ilə tanınmışdır. 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taborunun tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı.

Fəaliyyəti

Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov götürülən, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi.

Dəstə üzvləri

8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər.