Energetika Nazirliyində videokonfrans formatında iclas keçirilib

28 Yanvar 2021 18:00 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış komissiyanın beşinci iclası keçirilib.

AzNews.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda komissiyanın dördüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli 2366 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 dekabr tarixli 721s nömrəli Sərəncamının icrasının gedişi müzakirə olunub.

İclası açan komissiya sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı irəli sürülmüş vəzifələrin icrası məqsədi ilə ölkəmizdə külək enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsi üçün “ACWA Power” şirkəti ilə müvafiq qurumlar arasında imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, komissiya üzvləri tərəfindən torpaqların istifadəsi və imzalanmış müqavilələrlə əlaqədar müvafiq qanunvericilik aktlarına dəyişiklik, investisiya təşviqi sənədi, imzalanmış müqavilələr üzrə öhdəliklərə dair müvafiq tədbirlərin həyata keçirilməsi, lisenziya və icazələrin alınması, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər və həyata keçiriləcək növbəti addımlar barədə məlumat verilib.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyası pilot layihəsi üzrə danışıqların gedişi barədə məlumat verilib, müvafiq layihə sənədləri üzrə müzakirələrin son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.

Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.