İpoteka kreditləşməsininin həcmi 0,6 milyard dolları ötüb

11 İyun 2013 13:19 (UTC+04:00)
Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə bu ilin yanvar-may aylarında 42,27 milyon manat məbləğində kredit verilib. ANS PRESS-in məlumatına görə, bu barədə Fondun saytında dərc edilən statistik hesabatda deyilir.

Bu da 2012-ci ilin analoji dövründə qeydə alınan maliyyələşdirmə həcmini 36,7 dəfə üstələyir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 435 milyon manat (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) dəyərində ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-may ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 28,31 milyon manat (2012-ci ilin 5 ayı üzrə göstəricidən 14,6 faiz az) təşkil edib.

May ayında, həmçinin sosial ipotekanın maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb, 2013-cü il dövlət büdcəsində sosial ipoteka üçün 40 milyon manat nəzərdə tutulub, bu vəsaitdən Fonda hələlik 20 milyon manat köçürülüb.

AzNews.az